29-11-2024
29 noyabr tarixində Milli Kitabxanada görkəmli Azərbaycan bəstəkarı, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından birgə nəşr etdiyi “Süleyman Ələsgərov. Biblioqrafiya” kitabının və “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin təqdimat mərasimi keçirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Xalqımızın musiqi xəzinəsinə misilsiz incilər bəxş etmiş Süleyman Ələsgərovun zəngin musiqi irsinə malik bəstəkar olduğunu qeyd edib. Biblioqrafiya kitabının çap olunmasında əsas məqsədin görkəmli bəstəkarın əziz xatirəsini yaşatmaqdan ibarət olduğunu bildirib. Süleyman Ələsgərov kimi görkəmli sənətkarların heç vaxt unudulmayacağını yaratdığı əsərləri ilə ölməzlik qazandığını söyləyib.
Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, akademik Rəfael Hüseynov çıxışı zamanı Süleyman Ələsgərovun Azərbaycan mədəniyyətində müstəsna xidmətləri olduğunu qeyd edib. Süleyman Ələsgərovun Ü.Hacıbəyovla yaxın münasibətindən ətraflı bəhs edərək yaradıcılığında Üzeyir Hacıbəyovdan bəhrələndiyini əlavə edib. Süleyman Ələsgərovun “Bahadır və Sona” əsərinin Azərbaycanın qiymətli incilərindən biri olduğunu bildirib. Gələcək arzusunun “Süleyman və Ağgül” məhəbbətini işıqlandıran bir əsər yazmaq olduğunu söyləyib. Biblioqrafiya kitabının akademik biliklər və səriştələr tələb edən bir iş olduğunu, kitabın görkəmli bəstəkarı daha aydın görüb və tanımaq üçün ən münasib körpüyə və mötəbər bələdçiyə çevriləcəyini bildirərək əməyi keçən hər kəsə təşəkkür edib.
Tədbirdə çıxış edən Xalq artisti, bəstəkar Faiq Sücəddinov, Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov, Şuşa İcra Hakimiyyəti başçısının müavini Vüsalə xanım Fətəliyeva, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz xanım Abdullazadə, Ü.Hacibəyli Ev Muzeyinin direktoru, Xalq artisti Sərdar Fərəcov, dirijor və pedaqoq Ağaverdi Paşayev Süleyman Ələsgərovun çoxşaxəli, zəngin yaradıcılığından, elmi-pedaqoji fəaliyyətindən, təhsil ocaqlarının açılmasında, eləcə də bas, qanun, ney və s. kimi çalğı alətlərinin Azərbaycana gətirilməsindəki rolundan, Şuşa, yurd həsrətindən, xeyirxahlığından, tələbələrə qayğı və sevgisindən ətraflı bəhs edərək Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası ilə çap olunan biblioqrafiya kitabının Süleyman Ələsgərov yaradıcılığına açılan bir pəncərə olduğunu söyləyiblər.
Görkəmli bəstəkarın nəvəsi Azərbaycanın əməkdar artisti Tahir İmanov Süleyman Ələsgərovun ailəsi adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Süleyman Ələsgərovun 100 illik yubileyinin yüksək səviyyədə keçirilməsi haqqında verdiyi sərəncama görə eləcə də yubiley tədbirlərində iştirak edən elm və mədəniyyət xadimlərinə, Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə və əməkdaşlarına, təşəkkürünü bildirib. Süleyman Ələsgərovun yubiley tədbirinin Şuşada qeyd olunduğunu xüsusi vurğulayıb.
Qeyd edək ki, "Süleyman Ələsgərov. Biblioqrafiya" kitabının tərtibçisi Mətanət İbrahimova, elmi redaktoru prof. Kərim Tahirov, ön sözün müəllifləri akademik Rafael Hüseynov, Xalq artisti, professor Siyavuş Kərimi, redaktoru Xeyransa Abbasovadır. 1945-2024-cü illəri əhatə edən biblioqrafiyada bəstəkarın əsərləri ilə yanaşı, həyat və yaradıcılığı haqqında zəngin material toplanmış, eləcə də dünya kitabxanalarında mühafizə olunan əsərləri öz əksini tapmışdır.
Biblioqrafiya ilə tanış olmaq istəyənlər http://web2.anl.az:81/read/page.php?bibid=vtls000895554 linkindən istifadə edə bilərlər.
Milli musiqi xəzinəmizdən seriyası ilə (Azərbaycan Milli Kitabxanasının fondundan) çap olunan “Süleyman Ələsgərov. Sonata” not məcmuəsinin isə layihə rəhbəri prof. Kərim Tahirov, tərtibçisi Mətanət İbarhimov, redaktoru Sərdar Fərəcovdur.