09-09-2015
Sentyabr ayının 09-da Amerika Birləşmiş Ştatları Səfirliyinin İnformasiya Resursları üzrə direktoru xanım Holly Murten və səfirliyin İctimai əlaqələr şöbəsinin Maarifləndirici proqramlar üzrə direktoru Aydan Əsgərova Milli Kitabxanada olmuşdur.
Qonaqları Milli Kitabxananın direktoru prof. Kərim Tahirov qəbul etmişdir. O, qonaqlara Azərbaycan Milli Kitabxanası haqqında ətraflı məlumat vermiş, Milli Kitabxananın respublikanın ən iri kitabsaxlayıcısı, region kitabxanaları üçün metodik mərkəz olduğunu bildirmişdir. Cənab Tahirov kitabxanada bütün iş proseslərinin avtomatlaşdırılmasından danışmış, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında yazılmış avtomatlaşdırılmış sistem olan ALİSA proqramının regionlara tətbiq edilməsindən, DATA Mərkəzin Milli Kitabxanada yerləşməsindən, region kitabxanaçılarının Milli Kitabxanada treninqlər keçməsindən bəhs etmişdir. İxtisasca kitabxanaçı olan xanım Murten Milli Kitabxanaya məcburi nüsxələrin verilməsi, beynəlxalq əlaqələr, sənədlərin elektron çatdırılması, tarixi sənədlərin rəqəmsallaşdırılması və s. ilə maraqlanmışdır. Kitabxana ilə əyani və yaxından tanış olan xanım Murteni maraqlandıran bütün suallar cavablandırılmışdır.
Görüşün sonunda Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan mətbəxi (ingilis dilində), Qobustan- Minilliklərin kitabı (Azərbaycan və ingilis dillərində), Azərbaycan ədəbiyyatı (şeirlər, ingilis dilində) kitabları və Milli Kitabxana haqqında film (DVD) qonağa təqdim edilmişdir.