26-03-2025
Milli Kitabxanada XX əsr Azərbaycan komedioqrafiyasının və kinodramaturgiyasının görkəmli nümayəndəsi Sabit Rəhmanın anadan olmasının 115 illiyi münasibətilə “Əməkdar incəsənət xadimi Sabit Rəhman - 115” adlı ənənəvi kitab sərgisi açılıb.
Sərgidə yazıçının əsərləri, tərcümələri, redaktoru olduğu kitablar, həyatı, yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.
Qeyd edək ki, Azərbaycan yazıçısı, dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi Sabit Rəhman 6 mart 1910-cu ildə Şəkidə (Nuxa) anadan olub. Ədəbi fəaliyyətə 1926–1927-ci illərdə Molla Nəsrəddin jurnalında dərc etdiyi felyetonlarla başlayıb.
“Toy” (1938), "Aşnalar" (1945), "Aydınlıq" (1949), "Nişanlı qız" (1953), "Əliqulu evlənir" (1961), "Yalan" (1965), "Dirilər" (1970) və s. əsərlərilə Azərbaycan komediya poetikasına zənginlik gətirib.
O, dünyaca məşhur "Arşın mal alan" və "O olmasın, bu olsun", "Koroğlu", "Əhməd haradadır?" filmlərinin, Ulduz musiqili komediyasının ssenarilərinin, Yeddi gözəl baletinin librettosunun müəllifidir.
Onun ədəbi-bədii irsinə əllidən çox hekayə, "Son faciə", "Arzular" povestləri, "Nina" (1947), "Böyük günlər" (1952) romanları, bir neçə pyes, məqalə, tərcümə, libretto və oçerklər daxildir.