close
icon E-kataloq və kitabxana

Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi

20-06-2018

İyun ayının 20-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Rumıniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Rumıniyanın Böyük Birliyinin 100 illiyi münasibətilə “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi keçirilmişdir.
Tədbirdən öncə Milli Kitabxananın direktoru Kərim Tahirov Cənab Səfir Dan İanku və Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikmanı qəbul etmiş, görüş zamanı Azərbaycan Milli Kitabxanası ilə Rumıniya Səfirliyi arasında mədəni əlaqələrin inkişaf etdirilməsindən danışılmışdır. Daha sonra prof. Kərim Tahirov qonaqlara   “A guest in Azerbaijan” Azərbaycanın qədim musiqi alətləri haqqında olan “Azerbaijan musical instruments” və “Azərbaycan Milli Kitabxanası” (fotoalbom) kitablarını hədiyyə etmişdir. Eyni zamanda da Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikman Kotroceni muzeyindən bəhs edən kitabları Milli Kitabxananın direktoruna təqdim etmişdir.

Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq qonaqları salamlamış, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə Rumıniyanın Böyük Birliyinin yaranmasının 100-cü ildönümünün  eyni vaxta təsadüf etməsinin çox fərəhli hal olduğunu söyləmiş, hər iki ölkənin qədim tarixi köklərə malik olduğunu bildirmişdir. K.Tahirov Rumıniyanın Azərbaycanla dost ölkə olduğunu və hər iki ölkə arasında münasibətlərin möhkəm əsaslar, qarşılıqlı dostluq və tərəfdaşlıq prinsipləri üzərində qurulduğundan danışmış, milli kitabxanalar arasında da əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirmişdir. Direktor Kərim Tahirov onu da qeyd etmişdir ki, Rumıniya səfiri cənab Dan İanku dəfələrlə Milli Kitabxanada olmuş və həmin ölkənin səfirliyi ilə Azərbaycan Milli Kitabxanası arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu bildirmişdir.

Cənab Səfir Dan İanku çıxışında söyləmişdir ki, Azərbaycan üçün olduğu kimi, 2018-ci il Rumıniya üçün də simvolik bir il olmuşdur. Cənab Səfir qeyd etmişdir ki, Rumıniyanın bütün böyük vilayətlərinin tarixi birləşməsi hadisəsinin tamamlanmasından 100 il ötür və 1 dekabr (Transilvaniyanın Rumıniya Krallığına birləşməsi gün, 1918-ci il) günü Rumıniyanın Milli Günüdür. Bu məqsədlə Rumıniya höküməti tərəfindən bir sıra tədbirlər təşkil edilmiş və “Böyük Birlik. I Dünya Müharibəsindəki Qələbədən Böyük Rumıniya Hökmdarlarının Taclandırılmasına qədər” adlı foto sərgi dünyanın bir neçə ölkəsində nümayiş etdirildiyini bildirmişdir.

Rumıniyanın Prezident Administrasiyası nəzdində fəaliyyət göstərən Kotroçeni Muzeyinin Baş Direktoru Liviu Sebastian Jikman çıxışında sözügedən sərginin həmin muzeyin arxivləri əsasında hazırlandığını söyləmişdir. Baş direktor Sebastian Jikman sərginin eksponatlarının 30 fotoşəkildən ibarət olduğunu və Azərbaycan dilinə izahlarının tərcümə edildiyini bildirmişdir. Onu da qeyd etmişdir ki, tarixi foto şəkillərdə 1 dekab 1918-ci ildə Buxarest və Alba-İulia şəhərlərində (Transilvaniyanın Rumıniya Krallığına Birləşməsinin elan edildiyi şəhər) və Rumıniyanın Kral və Kraliçasının 15 oktyabr 1922-ci ildə Alba-İulia şəhərində simvolik olaraq taclandırılması ilə bağlı cərəyan edən bu iki mühüm hadisələr əks olunmuşdur.

Azərbaycan-Rumıniya Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevə çıxışında Azərbaycan Rumıya ölkələrinin dostluğundan, hər iki ölkə arasındakı strateji əməkdaşlıqdan danışmışdır. Rumıniya Səfirliyinin təşkil etdiyi bu tədbirin hər iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənəcəyini qeyd etmişdir.

Tədbirdə Moldovanın, Xorvatiyanın, Litvanın Azərbaycandakı səfirləri, Fələstin Səfirliyinin Azərbaycandakı nümayəndəsi, Millət vəkili Fazil Mustafa, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və digər qonaqlar iştirak etmişlər.

Sərgi 2018-ci il 20 iyun tarixindən 10 iyul tarixinədək ictimaiyyətə açıq olacaq.