30-12-2015
Rumıniyanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Daniel Kristian Çiobanu və ikinci katib Luminita Çiobanu dekabr ayının 30-da Milli Kitabxanada olmuşlar.
Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları qəbul etmişdir. Kərim Tahirov səfirə Milli Kitabxana haqqında qısa məlumat verərək, dünyanın 70-dən artıq kitabxanası və ayrı-ayrı təşkilatları ilə beynəlxalq kitab mübadiləsi apardığını, 30-dan artıq ölkənin kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalandığını bildirmişdir. Təəssüflə qeyd etmişdir ki, Rumıniya Milli Kitabxanası ilə əlaqə yaratmağa çalışsa da, cəhdlər uğursuz nəticələnmişdir. O, cənab səfirdən milli kitabxanalar arasında əlaqə yaratmağa yardımçı olmağı xahiş etmişdir.
Cənab Daniel Kristian Çiobanu Azərbaycanda işləməkdən məmnunluğunu bildirmiş, Rumıniya ilə Azərbaycanın sıx, dostluq əlaqələri olduğunu bir daha nəzərə çatdırmışdır. O, Azərbaycan Milli Kitabxanasının həmişə xoş sədasını eşitdiyini söyləmiş və Milli Kitabxana ilə birgə əməkdaşlıq layihəsi təklif etmişdir. Rumıniya Mədəniyyət günləri çərçivəsində Milli Kitabxanada “Rumın ədəbiyyatı gecəsi” keçirilməsi təklifini irəli sürmüşdür. Milli Kitabxana tərəfindən bəyənilib qəbul edilən layihəyə əsasən ədəbiyyat gecəsinin yanvar ayının 15-də keçirilməsi qərara alınmışdır.
Görüşdə xatirə şəkli çəkilmiş, qonağa Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın xəritəsi, Azərbaycan xalçaları kitabları təqdim olunmuşdur.