07-05-2019
May ayının 7-də Quba rayonu Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti və M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr edilmiş Respublika Konfransı keçirilib.
İlk olaraq tədbir iştirakçıları Quba şəhərində Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ulu öndərin abidəsini ziyarət edib və önünə gül dəstələri düzüblər.
Daha sonra qonaqlar Quba rayonu Heydər Əliyev Mərkəzində ulu öndər Heydər Əliyevin Milli Kitabxanaya hədiyyə etdiyi şəxsi kitablarından ibarət sərgi və eyni zamanda uşaqların ümummilli liderimizə həsr etdikləri rəsm əsərləri ilə tanış olublar.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin Milli Kitabxanadakı çıxışının qısa videofilmin nümayişi keçirildikdən sonra Azərbaycan Respublikasının himni səsləndirilib və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev ümummilli lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyətindən söhbət açaraq onun respublikamızın hərtərəfli inkişafının əsasını qoyduğunu, əsaslı hüquqi islahatların apardığını, müstəqil Azərbaycanın onun ideyalarının işığında sürətlə inkişaf yolu keçdiyini və dünyada söz və nüfuz sahibinə çevrildiyini bildirib. Natiq Heydər Əliyevin rəhbərliyi dövründə iqtisadi sahələrin tənzimlənməsi ilə bağlı 70-dən artıq qanunun qəbul edildiyini, 100-dən çox fərman və sərəncam imzalandığını, 30-a yaxın dövlət proqramının təsdiq edildiyini, bu normativ hüquqi sənədlərin başlıca məqsədinin müstəqil Azərbaycan dövlətinin iqtisadi əsaslarının möhkəmləndirilməsi, dövlət idarəetməsinin təkmilləşdirilməsi, vətəndaşların sosial-iqtisadi hüquqlarının daha dolğun təmin edilməsi olduğunu vurğulayıb. Ziyəddin Əliyev qeyd edib ki, adı bütün türk dünyasının, bütövlükdə dünya tarixi səhifəsinə qızıl hərflərlə yazılmış bu şəxsiyyət əbədi öndərimiz kimi sabaha gedən yolumuzunmayakına çevriləcək, onun parlaq ideyaları təkcə bu günümüzün deyil, gələcəyimizin yoluna işıq saçacaqdır.
Milli Kitabxananın direktoru prof. Kərim Tahirov “Azərbaycanda kitab və mütaliə mədəniyyətinin inkişafına Heydər Əliyev qayğısı” mövzusunda çıxış edərək Azərbaycan xalqının, dünya azərbaycanlılarının taleyində əhəmiyyətli rol oynayan, müasir Azərbaycanın inkişafında əvəzsiz xidmətləri olan dahi şəxsiyyətimiz, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında geniş söhbət açıb. Professor bildirib ki, Ulu öndər 4 dəfə Milli Kitabxanada olmuş, hər gəlişi zamanı bir yenilik gətirmiş və bu gün sərgidə nümayiş edilən, hər birində öz qeydləri, fikirləri olan bu kitabları kitabxanaya hədiyyə etməklə bir növ ziyalılar üçün çağırış edərək kitabxanaya kitab bağışlama ənənəsini yaratmışdır. Kitabxananın direktoru bildirib ki, onun timsalında görkəmli ziyalılar zəngin kitab xəzinələrini kitabxanamıza bağışladılar. Professor qeyd edib ki, Azərbaycanın kitabxana işi tarixində 4 inqilab olub ki, onun ikisi Ulu öndərin fəaliyyəti dövründə, 2-si isə layiqli davamçısı ölkə başçısı cənab İlham Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin dövründə bütün rayonlarda Mərkəzləşmiş Kitabxana Sistemləri yaradılıb, müstəqilliyin ilk illərində kitabxanaları mühafizə etmək, milli mənəvi sərvətlərini gələcək nəsillərə çatdırmaq üçün “Kitabxana işi haqqında” Qanun imzalandı. Daha sonra ulu öndərin ideyaların təntənəsi kimi cənab prezident 2004-cü ildə “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncam imzaladı ki, bu günə kimi 600 addan çox 10 milyona qədər kitab latın qrafikası ilə çap olunaraq respublikamızın bütün kitabxanalarına göndərilib. 2007-ci ildə “Azərbaycanda kitabxanaların fəaliyyətinin təkmilləşdirilməsi haqqında”, 2008-ci ildə “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq olunması haqqında silsilə sərəncamlar kitabxanaların müasir dövrün tələblərinə uyğun olaraq qurulmasına rəvac verdi. Direktor söyləyib ki, Ulu öndər kitabın, kitabxananın qiymətini bilirdi, həmişə kitaba ehtiramla yanaşırdı, onun hər bir sözü örnək olası bir sözdür və onun adı, əməlləri ilə bağlı olan və xalqımıza tövsiyə etdiyi nə varsa onları zaman-zaman gənc nəsillərə nümayiş etdirməliyik.
Daha sonra BDU-nun Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti, fəlsəfə doktoru Rasim Süleymanov “Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsində kitabların əhəmiyyəti və rolu” mövzusunda, Quba şəhər 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-liseyin müəllimi, rayon Qadınlar Şurasının üzvü Ədalət Əliyeva “Dahi azərbaycanlı, dahi şəxsiyyət”mövzusunda, Çiçi kənd tam orta məktəbin müəllimi, Təhsil Nazirliyinin Quba rayonu üzrə əlaqələndiricisi Rüfət Mürsəlov “Heydər Əliyev və gənclər siyasəti” mövzusunda çıxış ediblər.
Sonda Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev çıxış edərək dahi şəxsiyyətin müdriklik və uzaqgörənliklə, dərin inam və qətiyyətlə, məqsədyönlü və ardıcıl şəkildə həyata keçirdiyi qlobal, genişmiqyaslı və çoxşaxəli siyasət nəticəsində bu günkü Azərbaycanın mövcudluğunu, Heydər Əliyev irsinin gələcək nəsillər üçün zəngin xəzinə, vətəninə, xalqına, dövlətinə xidmət nümunəsi olduğunu söyləyib və bütün qonaqlara iştiraka görə təşəkkürünü bildirib.