close
icon E-kataloq və kitabxana

Milli Kitabxana TÜRKSOY Beynəlxalq təşkilatının keçirdiyi “Qorqudnamə” kitabının onlayn təqdimat mərasimində iştirak edib

25-01-2021

Yanvarın 25-də Milli Kitabxana TÜRKSOY Beynəlxalq təşkilatının “Türksoy Kitabxanası” seriyasından nəşr etdiyi Türkiyəli şair Kənan Çarboğanın “Qorqudnamə” kitabının onlayn təqdimat mərasimində iştirak edib. Tədbiri açıq elan edən TÜRKSOY Baş Katibinin müavini dos.Dok Bilal Çakcı hamını salamlayaraq layihə haqqında danışmaq üçün sözü TÜRKSOY-un Baş katibi prof. Düsen Kaseinova vermişdir. İlk öncə tədbir iştirakçılarını salamlayan Baş katib bu günlərdə 44 günlük ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusunun qazandığı şanlı Qələbə nəticəsində düşmən tapdağından azad olunan Azərbaycan torpaqlarına səfərindən, orada gördüyü erməni vəhşiliyinin izlərindən və Ali Baş Komandan cənab İlham Əliyevlə görüşlərindən bəhs etmişdir. O, eyni zamanda TÜRKSOY-un türk dünyasının ortaq ədəbi irsinin təbliği ilə bağlı keçirdiyi layihələrdən və bu gün təqdimatı keçirilən layihənin əhəmiyyətindən danışarkən, bu kitabın ilk simvolik təqdimatının işğaldan azad olunmuş Füzuli şəhərində keçirilməsindən qürur duyduğunu söyləmişdir.

Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov bu gün Azərbaycan xalqının çox fərəhli günlər yaşadığından bəhs edərək bu şanlı zəfər tarixini Azərbaycan xalqına yaşadan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə tədbir iştirakçıları adından təşəkkürünü bildirərək, Azərbaycanın təkcə müharibə cəbhəsində deyil, diplomatiya və informasiya cəbhəsində də böyük qələbə qazandığını diqqətə çatdırmışdır.

K.Tahirov Dədə Qorqudun bütün türk dünyasının ortaq mənəvi mirası olduğunu bildirərək bu möhtəşəm mənəvi abidənin xalqlarımızı daha sıx birləşməyə və biri-birinə dayaq olmağa səsləyən varlıq olduğunu xüsusi vurğulamışdır. Məhz qardaş türk xalqının və türk dünyasının mənəvi dəstəyinin bu 44 günlük Qarabağ savaşında Azərbaycan ordusuna böyük güc və ruh verdiyindən bəhs edən natiq bu mənada Dədə Qorqud kimi ali dəyərlər təcəssümü olan abidənin TÜRKSOY tərəfindən gündəmə gətirilməsinin çox əhəmiyyətli olduğunu demişdir. Sonda K.Tahirov 2021-ci ilin ölkə Prezidenti tərəfindən Azərbaycanda “Nizami Gəncəvi ili” elan olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq payızda bu tədbir çərçivəsində Milli Kitabxanada keçirilməsi nəzərdə tutulan Elmi Konfrans çərçivəsində türkdilli ölkələrdən gələn alimlərin və müəllifin iştirakı ilə “Qorqudnamə” kitabının təqdimatının keçirilməsini təklif etmişdir.

Sonra tədbirdə Türk Dil Qurumunun başqanı Güner Gülsevin, Türkiyə Cümhuriyyət Prezidentinin müşaviri cənab Yalçın Topçunun köməkçisi Kadır Başar, Qazaxıstanlı alim Askar Turqanbayev və kitabın müəllifi Kənan Çarboğa çıxış etmişlər.