close
icon E-kataloq və kitabxana

Qırğızıstan Respublikasının Bişkek şəhərində 15-18 may tarixlərində keçirilən “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfrans çərçivəsində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

17-05-2019

Mayın 17-də Qırğızıstan Respublikasının Bişkek şəhərində 15-18 may tarixlərində keçirilən “Rəqəmsal əsrdə kitab və mütaliə” mövzusunda Beynəlxalq Konfrans çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyinə həsr olunmuş  tədbir keçirildi.

Tədbir Qırğızıstan Milli Kitabxanası, Azərbaycan Respublikasının Qırğızıstandakı Səfirliyi, TÜRKSOY təşkilatı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə baş tutmuşdur.

İlk olaraq Qırğızstan Milli Kitabxanasının foyesində Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin açılışı olmuşdur.

Tədbiri Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin nümayəndəsi Jamankulov Azamat Kaparoviç açaraq, qonaqları salamlamış və Beynəlxalq Konfrans çərçivəsində böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin əlamətdar bir hadisə olduğunu söylədi.

Azərbaycan Respublikasının Qırğızıstan Respublikasındakı səfiri Hidayət Orucov çıxış edərək təşkilati dəstəyə görə Qırğızıstan Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinə, Qırğızıstan Milli Kitabxanasına və TÜRKSOY təşkilatına dərin minnətdarlığını bildirdi. Hidayət Orucov çıxışında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölkəmizdə və onun hüdudlarından kənarda İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə yüksək səviyyəli tədbirlərin keçirildiyini söylədi. Hidayət Orucov çıxışında Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq Nəsiminin anadan olmasının 600 illiyinin YUNESKO-nun tədbirlər siyahısına daxil edildiyini və 1973-cü ildə beynəlxalq səviyyədə dünya miqyasında geniş qeyd olunduğunu bildirdi və görkəmli mütəfəkkirin adının əbədiləşdirilməsi məqsədilə Bakı rayonlarından birinə, eyni zamanda AMEA-nın Dilçilik İnstitutuna Nəsiminin adının verildiyini, şəhərin mərkəzində heykəlinin ucaldıldığını, Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazının yaradıldığını qeyd etdi.

Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov İmadəddin Nəsiminin  yaradıcılığı haqqında geniş söhbət açaraq, şairin çox mürəkkəb və ziddiyyətli bir inkişaf yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu, şairin 15-ci əsrdən etibarən bütün türk ədəbiyyatına qüvvətli təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq, dünyanın bir sıra mötəbər kitabxanalarında saxlanıldığını söylədi. Direktor qeyd etdi ki, Milli Kitabxana da öz növbəsində “Azərbaycan Respublikasında 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən milli mədəniyyətimizin nümunəsi kimi il ərzində şairin irsinin tədqiqi və təbliği istiqamətində müəyyən işlər həyata keçirir.  Prof. Kərim Tahirov çıxışında bildirdi ki, 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının qeyd edilməsi, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən  2019-cu ilin “Nəsimi ili” elan edilməsi və 650 illik yuliyeyinin təntənəli şəkildə keçirilməsi ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi hesab oluna bilər.

Azərbaycanın TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı çıxış edərək Nəsiminin əsərlərinin hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapdığını bildirdi.

Daha sonra Nəsimi haqqında qısa filmin nümayişi keçirildi.

Qırğızıstanın TÜRKSOY-dakı daimi nümayəndəsi Kojageldi Kuluyev çıxış edərək  dahi sənətkar Nəsiminin irsinin geniş araşdırılaraq tədqiq olunmasını və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasını qeyd etdi.

AMEA-nın Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxış edərək XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin ərəb, fars və türk dillərində humanist ruhlu əsərlər qələmə alan ən böyük sənətkarlardan biri olduğunu, bizim ana dilində yazan ilk sənətkarlardan olan Nəsiminin əsərlərinin təsiri altında böyük şairlərimizin yetişdiyini söylədi. Akademik Teymur Kərimli Nəsiminin əsərlərində olan humanizm, azadlıq ideyaları haqqında söhbət açdı. Natiq mistikadan və xurafatdan uzaq olan bu günkü oxucu üçün Nəsiminin hürufi ideyaları, şairin qabaqcıl humanist görüşləri, poetik obrazlarının təzə-tərliyi, Nəsimi sənətinin yüksək estetik təsir qüvvəsi, Nəsimi dilinin ritmikası daha çox maraqlı və cəlbedici olduğunu söylədi.

Qırğızıstan Milli Kitabxanasının direktoru, prof. Jıldız Bakaşova çıxış edərək dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə möhtəşəm tədbirin Qırğızıstan Milli Kitabxanasında təşkil olunmasından qürur duyduğunu bildirdi. Professor söylədi ki, türk xalqları hər zaman Nəsimi kimi dahi şəxsiyyətlər yetirib və onlarla fəxr edir.

Daha sonra türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Dauletbek Baytursunlu,  başqırd şairi Hizmətulla Yuldaşev İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında geniş söhbət açdılar və onu türk xalqlarının böyük şairi adlandırdılar.  

Sonda Diaspora təşkilatının incəsənət xadimlərinin ifasında Nəsiminin şerləri və sözlərinə yazılmış mahnılar səsləndi.