close
icon E-kataloq və kitabxana

Qırğız şairi, ozan və bəstəkarı Toktakul Satılqanovun 150 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans

09-12-2014

Dekabr ayının 9-da Mədəniyyət və Turizm Nazirliyi, TÜRKSOY və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə qırğız şairi, ozan və bəstəkarı Toktakul Satılqanovun 150 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans və Toktakulun TÜRKSOY tərəfindən türk dilinə tərcümə olunmuş Toktokul Satılqanov “Seçilmiş əsərləri” və Türkiyə Əskişehir valiliyi tərəfindən Toktakulun 6 dildə (Azərbaycan, türk, özbək, qazax, qırğız, türkmən) nəşr edilmiş “Şeirə, nəğməyə çevrilən ömür” kitablarının təqdimat mərasimi keçirildi.

Tədbiri Milli Kitabxanın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamladı, giriş üçün sözü Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə verdi. Nazir öz çıxışında TÜRKSOY tərəfindən belə tədbirlərin keçirilməsini alqışlamış, hər bir türk xalqının tarixində olan ölməz dahilərinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması məqsədi ilə keçirilən belə tədbirlərin davamlı olmasını arzuladı.

Sonra Toktakul haqqında 5 dəqiqəlik film nümayiş olundu. Filmin nümayişindən sonra Qırğızıstanın komuz sənətçisi öz çıxışı ilə tədbirə ovqat qatdı.

TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Türk Şurasının Baş katibinin müavini Adaxan Madumarov, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müsteşar yardımcısı Nihat Gül, Qırğızıstan “Toktoqul ili” Dövlət Təşkilat Komitəsinin sədr müavini Osmanbek Artıkbayev, Türkiyənin Əskişəhir valisi Güngör Asim Tuna çıxışlarında TÜRKSOY təşkilatı tərəfindən keçirilən tədbirlərdən, bu tədbirlərin əhəmiyyətindən danışdılar.

Məruzəçi Ankara Universitetinin professoru Gülzura Cumakunova Toktakulun həyat və yaradıcılığı haqqında geniş danışdı.

Çıxışçılar Azərbaycan Atatürk Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, millət vəkili, professor Nizami Cəfərov, Abay adına Qazaxıstan Dövlət Pedaqoji Universitetinin professoru Temirhan Tebegenov, Bakı Dövlət Universitetinin Türk xalqları ədəbiyyatı kafedrasının müdiri, professor Ramiz Əsgər, Özbəkistan Elmlər Akademiyasının dosenti Zuhriddin İsomuddinov, Qırğızıstanın TÜRKSOY-dakı nümayəndəsi Kocagəldi Kuluyev Toktakul yaradıcılığından, onun əsərlərindən, bu gün təqdimatı keçirilən əsərlərinin 5 dilə tərcümə olunmasından bəhs etdilər.

Sonra TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Qırğızıstan “Toktoqul ili” Dövlət Təşkilat Komitəsinin sədr müavini Osmanbek Artıkbayev tərəfindən Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevə, Türk Şurasının Baş katibinin müavini Adaxan Madumarova, Azərbaycan Yazıçılar Birliyinin sədri Anara, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin müsteşar yardımcısı Nihat Gülə, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirova, Türkiyənin Əskişəhir valisi Güngör Asim Tuna, Azərbaycan Atatürk Mərkəzinin direktoru, Nizami Cəfərova və kitabın tərcüməçilərinə Toktakul medalları təqdim edildi.

Tədbirin sonunda iştirakçılar Toktakul Saltıkanovun Milli Kitabxanaın fondunda mühafizə olunun kitablarından ibarət sərgi ilə tanış oldular.