close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Professor Tehran Əlişanoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

16-01-2025

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, ədəbiyyat tarixçisi, tənqidçi və publisist, professor Tehran Əlişanoğlu Mustafayev (Tehran Əlişanoğlu) - 1960-cı il yanvar 16-da Bakı şəhərində anadan olub. 1978-1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) filologiya fakültəsini bitirib. 1985-1989-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsil alıb.

“Azərbaycan sovet ədəbi tənqidinin üslubları (1960-1980-ci illər)” mövzusunda namizədlik (1990), “XX əsr Azərbaycan nəsrinin poetikası” mövzusunda doktorluq (2005) dissertasiyaları müdafiə edib.

Tehran Əlişanoğlunun tədqiqat obyekti əsasən XX əsr Azərbaycan ədəbiyyatı və Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı, elmi-nəzəri və tənqid problemləridir. "Əsrdən doğan nəsr: XX əsr Azərbaycan nəsrinin təşəkkül poetikası" (1999), “Azərbaycan nəsri sosializm realizmi çevrəsində: Kontekst poetikası” (1999) və “Azərbaycan "Yeni nəsr"i: Əsrin nəsr poetikasından” (1999),  "XX əsr Azərbaycan nəsrinin poetikası" (2006), “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı” 2 cilddə (2016)  və s. fundamental əsərlərin, yüzlərlə ədəbi-tənqidi və publisist məqalələrin müəllifidir.

Milli Kitabxanada ədəbiyyatşünas, çağdaş ədəbi tənqidimizin görkəmli nümayəndəsi Professor Tehran Əlişanoğlunun 65 illik yubileyi münasibətilə “Professor Tehran Əlişanoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə tənqidçi və publisist, professor Tehran Əlişanoğlunun əsərləri, ön söz yazdığı, rəy verdiyi və redaktə etdiyi kitablar, elmi fəaliyyəti və yaradıcılığı haqqında ədəbiyyatlar,  dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

icon

Foto qalereya