Tanınmış Azərbaycan şairi, tənqidçi, publisist, filologiya elmləri doktoru, professor Mehdiyev Famil Ağalar oğlu (Famil Mehdi) 1934-cü il dekabrın 25-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub.
Əhmədvar kənd yeddiillik məktəbini bitirib, Ağdam pedaqoji məktəbində təhsil alıb. Sonra ADU-nun filologiya fakültəsinin jurnalistika şöbəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə "Bakı" axşam qəzetində ədəbi işçi kimi başlayıb.ADU-nun filologiya fakültəsində aspirant (1961–1964), müəllim, baş müəllim olmuş, jurnalistika fakültəsində jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində işləyıb (1973-cü ildən). "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.
Qarabağ müharibəsinin ilk günlərindən "Nicat" cəmiyyətini yaradıb və Vətənin müdafiəsinə qalxan könüllülər arasında stimul yaratmaq məqsədi ilə cəmiyyət adından "General Məhəmməd Əsədov" mükafatı təsis edib.
Bədii yaradıcılığa 1951-ci ildə "Lenin yolu" adlı Ağdam rayon qəzetində çıxan ilk şeri ilə başlayıb, dövri mətbuatda vaxtaşırı çıxış edib.
"Jurnalistika məsələləri" adlı ali məktəb tələbələri üçün dərsliyin müəlliflərindən biridir. "Alovlu publisist Səməd Vurğun", "Azərbaycan bədii publisistikasının sənətkarlıq problemləri", "Mətbuatda publisistika", "Bədii publisistika" kimi monoqrafik kitablar və dərs vəsaitləri onun qələminin məhsuludur.
Milli Kitabxanada “Professor Famil Mehdi – 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə şairin əsərləri, tərtibçi, ön sözün müəllifi, rəyçi və redaktor olduğu, həyat yolu, fəaliyyəti və yaradıcılığı haqqında Azərbaycan və rus dillərində ədəbiyyatlar, dövri mətbuatda çap olunan məqalələr, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.