Avqust ayının 1-də Özbəkistan Respublikasının ölkəmizə təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Özbəkistan Respublikası Milli Məclisinin üzvü, Özbəkistanın Xalq şairi Mahmudjan Tohirov, “Özbəkistan ədəbiyyatı və incəsənəti” qəzetinin baş redaktoru Salim Aşurov, yazıçı Xondamir Qadiri, Özbəkistan Yazıçılar İttifaqının üzvü Bahadur Kerimov və Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin Mədəni fəaliyyətin inkişafı şöbəsinin müdiri Camşidbek Niyazbekov Azərbaycan Milli Kitabxanasında olmuşlar.
Görüş zamanı Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqları salamlamış, onları kitabxanada görməkdən məmnun olduğunu vurğulamışdır. Sonra direktor qonaqlara Azərbaycan Milli Kitabxanası haqqında məlumat vermişdir. Kərim Tahirov Azərbaycan Milli Kitabxanasının Özbəkistan Milli Kitabxanası ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyətindən və həyata keçirilən tədbirlərdən danışmışdır. O, kitabxananın fondunda mövcud olan Özbək ədəbiyyatı və Özbək ədəbiyyatına dair Milli Kitabxanada yaradılan daimi guşə haqqında nümayəndə heyətinə məlumat vermişdir.
Səfir Azərbaycan Milli Kitabxanasında ilk dəfə olduğunu qeyd etmiş və burada olmaqdan xoş hisslər keçirdiyini söyləmişdir. O, 2 qardaş ölkə arasında dostluq münasibətlərinin mədəniyyət və ədəbiyyat sahəsində də davam etdiyini bildirmişdir. Səfir Azərbaycan yazıçılarının əsərlərinin özbək dilinə tərcümə olunaraq Özbəkistanda “Azərbaycan mədəniyyəti günləri” adlı tədbir keçiriləcəyini direktorun nəzərinə çatdırmışdır. Bahrom Aşrafxanov AMEA N.Gəncəvi adına Ədəbiyyat İnstitutu, BDU, ADU və bir sıra təşkilatlarla birlikdə layihələrin mövcud olduğunu, özbək ədəbiyyatı klassiklərinin, müasir özbək ədəbiyyatı nümunələrinin Azərbaycan dilinə tərcümə olunduğunu direktora söyləmişdir. O, “Azərbaycanda Özbəkistan mədəniyyəti günləri”nin Azərbaycan Milli Kitabxanasında keçiriləcəyindən şad olduğunu bildirmişdir.
Səfir qarşılıqlı əməkdaşlıq çərçivəsində baş tutacaq layihələr əsasında iki ölkənin mədəniyyətinin tanınması ilə bağlı fikirlərini bildirmişdir.
Qonaqlar Kitabxanada yerləşən “Heydər Əliyev guşəsi”, “Beynəlxalq əməkdaşlıq zalı” ilə tanış olmuş, kitabxananın fondu haqqında məlumatlandırılmışlar.