19-03-2025
Milli Kitabxanada “Novruz - xalqımızın əziz bayramı” adlı virtual sərgi və “Azərbaycan xalq bayramı – Novruz” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə Novruz bayramının mahiyyəti, tarixi kökləri, əski qaynaqlarda yeri, bayramla bağlı adət-ənənələr, ayin-mərasimlər, oyun-tamaşalar, xalqımızın minilliklər boyu təcrübə əsasında formalaşmış iqtisadi həyatı, el sənətinin inkişaf yolları, şifahi xalq ədəbiyyatı və s. xalqımızın əziz bayramı haqqında nəşr olunan Azərbaycan və xarici dillərdə ədəbiyyatlar, fotolar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur
Virtual sərgi ilə tanış olmaq istiyənlər https://anl.az/el/vsb/novruz/index.htm linkindən istifadə edə bilərlər.
Qeyd edək ki, Novruz bayramı xalqımızın ən doğma,ən sevimli, ən əziz bayramıdır. Ulu babalarımızın zəngin mənəvi aləmini dolğun əks etdirən Novruz milli bayramımızdır. Novruz torpağın oyanması, ruhun təzələnməsi, həm də milli birlik bayramıdır.
Novruz baharın ilk günüdür. Novruz gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı bu bayramı yüksək təntənə, ürək sevinci, qəlb fərəhi ilə qarşılamağa çalışır. Xalqımız Novruz ənələrinə ehtiramla yanaşır. Bu ənənələr müqəddəs ərməğan kimi daim uca tutulur, yaşadılır və gələcək nəslə ən gözəl töhfə kimi çatdırılır.
Bu gün xalqımız qədim Novruz bayramını müstəqil, suveren, işğaldan azad olunmuş Azərbaycanın dörd bir yanında böyük qürur və ruh yüksəkliyi ilə qeyd edir.
Azərbaycan Milli Kitabxanası xalqımızı Novruz bayramı münasibətilə təbrik edir, xalqımıza bahar əhval-ruhiyyəsi, sağlamlıq arzu edir. Novruz bayramınız mübarək olsun!