close
icon E-kataloq və kitabxana

Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzan Cəmil noyabr ayının 27-də Milli Kitabxanada olmuşdur

27-11-2015

Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Suzan Cəmil noyabr ayının 27-də Milli Kitabxanada olmuşdur.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonaqla görüşmüşdür. İşgüzar məqsəd daşıyan görüşdə həmçinin Misir Mədəniyyət Mərkəzinin müdiri Dr. Əhməd Sami Elaydy də iştirak edirdi.

Kitabxananın direktoru Kərim Tahirov qonaqları salamladıqdan sonra səfirə Milli Kitabxana haqqında qısa məlumat vermişdir. O, Milli Kitabxananın respublikanın ən iri kitabxanası olduğunu bildirmiş, dünyanın 70-dən artıq kitabxanası və ayrl-ayrı təşkilatları ilə beynəlxalq kitab mübadiləsi apardığını, 30-dan artıq ölkənin kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalandığını bildirmişdir.

K.Tahirov səfirə bir neçə dəfə Misirdə olduğunu bildirmiş, xoş xatirələrini, duyğularını bölüşmüşdür. O, həmçinin İskəndəriyyə kitabxanası ilə əlaqələrdən, qarşılıqlı münasibətlərdən danışmışdır. Mədəniyyət Mərkəzi ilə əlaqələrindən danışan direktor mərkəzin müdiri  Dr. Əhməd Sami Elaydy tərəfindən ərəb dilində 5 min ədəbiyyatın elektron variantının Azərbaycan Milli Kitabxanasına hədiyyə edildiyini söyləmiş, həmin resursların tədqiqatçılar üçün əhəmiyyətindən danışmışdır. O, həmçinin mərkəzdə fəaliyyət göstərən kitabxananı çox bəyəndiyini söyləmiş, fondun zənginləşməsinə kömək etməyə hazır olduğunu bildirmişdir.

 Səfir  Suzan Cəmil Azərbaycanda işləməkdən məmnunluq duyduğunu, özünü çox xoşbəxt hesab etdiyini bildirmişdir. Bakıda Misir Mədəniyyət Mərkəzinin fəaliyyət göstərməsinin sevindirici hal olmasını bildirən səfir, təəssüflə bildirmişdir ki, dünyanın çox ölkəsində səfirlikləri olmasına baxmayaraq mədəniyyət mərkəzlərinin sayı azdır. Burada bu mərkəzin fəaliyyət göstərməsinin Misir dövlətinin Azərbaycana çox əhəmiyyət verməsindən irəli gəldiyini bildirmişdir.

K.Tahirov iki dövlət arasında xoş münasibətlərin milli kitabxanalar arasında da olmasını arzulamış, qarşı tərəfə təqdim olunmuş əməkdaşlıq barədə Memorandumun tezliklə imzalanıb, qüvvəyə minəcəyinə əmin olduğunu bildirmişdir. Qədim və zəngin mədəniyyətə malik olan bu dövlətdə qorunan əlyazmaların araşdırılmasına ümid etdiyini demişdir. O, milli kitabxanaları hər iki ölkədə keçirilən beynəlxalq kitab sərgilərində iştirak etməyə dəvət etmişdir.

Səfir Suzan Cəmil kitabxana ilə yaxından tanış olmuş, xatirə şəkli çəkdirmişdir.Sonda qonağa Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində), Azərbaycanın  xəritəsi, Azərbaycan kinoları (DVD Azərbaycan və ingilis dillərində), Azərbaycan xalçaları kitabları təqdim olunmuşdur. Səfir də öz növbəsində Misir Ərəb Respublikasında yeni çapdan çıxan kitabları Milli Kitabxanaya hədiyyə etmişdir.