23-07-2024
23 iyul tarixində Açıq Kitabxanada Milli Kitabxananın və Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə “Kitabın Sirri” layihəsi çərçivəsində yazıçı-dramaturq, “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva ilə görüş keçirilib.
Tədbiri Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini Ədibə İsmayılova açaraq qonaqları salamlayıb. Qeyd edib ki, 2016-cı ildə Açıq kitabxana layihəsi yaranandan bu günə qədər açıq səma altında bir çox poeziya gecələri, mütaliə axşamları, ayrı-ayrı yazıçı və şairlərlə görüşlər keçirilib, yazıçı və şairlərin yeni kitablarının təqdimat mərasimləri, imzalı görüşlər təşkil olunub. Növbəti belə görüşlərdən birinin bu gün yazıçı-dramaturq, “Qobustan” dərgisinin baş redaktoru Pərvin Nurəliyeva ilə keçiriləcəyini vurğulayıb.
Tədbirdə çıxış edən yazıçı-dramaturq Pərvin Nurəliyeva tədbirin təşkilində ev sahibliyi edən M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının rəhbərliyinə və Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinə təşəkkürünü bildirib. Tədbir iştirakçıları və kitabsevər gənclər tərəfindən verilən sualları cavablandıran Pərvin xanım “190 yaşlı həmdəmim” kitabının yaranmasından, ədəbiyyat və incəsənətin həyatında kəsb etdiyi roldan bəhs edib.
Qeyd edək ki, “İlin gənci”, “Qızıl Kəlmə” və bir sıra digər mükafatlara layiq görülən Pərvin Nurəliyeva yaradıcılığa kiçik hekayələr, esselərlə başlayıb. Xalq yazıçısı Anarın yaradıcılığını təhlil edən “Anar dünyası”adlı nəsr kitabının və “Qar yağacaq” , “Balerin”(türkcə) kitablarının müəllifidir.
Sonda yazıçı-dramaturq Pərvin Nurəliyeva ilə imza mərasimi keçirilib, xatirə şəkilləri çəkilib.