close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada istedadlı gənc yazıçı Elvin İlqaroğlunun “Sən qəribə adamsan” adlı kitabının təqdimat mərasimi keçirilib

12-07-2024

12 iyul tarixində Açıq  Kitabxanada Milli Kitabxananın və  Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin nəzdində fəaliyyət göstərən Kitab klubunun təşkilatçılığı ilə “Kitabın Sirri” layihəsi çərçivəsində gənc istedadlı yazıçı Elvin İlqaroğlunun “Sən qəribə adamsan” adlı kitabının  təqdimat mərasimi keçirilib.

İlk öncə Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, bu gün Milli Kitabxanada gözəl təbiətin qoynunda, dünyada alternativi olmayan Açıq Kitabxanada istedadlı gənc yazarın  işığına toplaşmışıq. Ümumiyyətlə, Azərbaycan Milli Kitabxanasının 2006-cı ildən gənclərlə çox sıx əlaqədə işlədiyini,  hələ 2006-2010-cu illərdə Milli Kitabxanada “Gənc ədiblər dərnəyinin” fəaliyyət göstərdiyini, bu gün üzdə olan gənc yazarların Milli Kitabxanada fəaliyyət göstərən həmin dərnəyin yetişdirmələri olduğunu vurğulayıb. Əlavə edib ki, bu gün Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin təqdim etdiyi gənclər gələcəyin Nüsrət Kəsəmənliləri, Vaqif Səmədoğluları, Zəlimxan Yaqubları, Ramiz Rövşənləri olacaq və gələcək nəsillər onları görkəmli şairlər kimi qarşılayacaqlar.  Milli Kitabxananın oxucularının 80 faizindən çoxunun gənclər olduğunu, ona görə də Milli Kitabxananın ən böyük qayəsinin gənclərə dəstək olmaq, onları Azərbaycan xalqına təqdim etmək və yaradıcılığını təbliğ etmək olduğunu vurğulayan professor Kərim Tahirov Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin rəhbərliyini, gənc yazar Elvin İlqaroğlunu təbrik edib, yaradıcılığında uğurlar arzulayıb.

Tədbirdə çıxış edən  Azərbaycan gənclərinin inkişaf hərəkatı ictimai birliyinin sədri Miri Mirəliyev tədbirin təşkilində ev sahibliyi edən M. F. Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirova, eləcə də hər zaman gənclərin yanında olan, bütün gənclərin, təşkilatın sonsuz hörmətini qazanan Milli Kitabxananın Elmi işlər və Kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılovaya sonsuz təşəkkürünü bildirib.

Tədbirin davamında gənc yazıçı Elvin İlqaroğlu verilən sualları cavablandırıb.

Sonda “Sən qəribə adamsan” adlı kitabın imza mərasimi keçirilib, xatirə şəkilləri çəkilib.

icon

Foto qalereya