close
icon E-kataloq və kitabxana

Milli Kitabxananın direktoru Kərim Tahirov Yaponiyanın Azərbaycandakı Səfirliyinin müşaviri cənab Takao İmanisi ilə görüşmüşdür

02-02-2016

02 fevral 2016-cı il tarixində Milli Kitabxananın direktoru Kərim Tahirov Yaponiyanın Azərbaycandakı Səfirliyinin müşaviri cənab Takao İmanisi ilə görüşmüşdür. Görüşdə 2003-cü ildə Yaponiya hökumətinin qrantı əsasında Milli Kitabxanaya hədiyyə olunmuş mikrofilmlərin hazırlanması və oxunması üçün olan avadanlıqların, səsgücləndirici avadanlıqların, qramofon vallarının CD disklərə köçürülməsini təmin edən avadanlıqların və CD disklərin səsləndirilməsi üçün fonoteka zalında quraşdırılmış dinləmə avadanlıqlarının, habelə mikrofilmlərdən foto və kağız çıxarılması üçün istifadə olunan qurğuların istifadə vəziyyəti müzakirə olunmuşdur. Səfirliyin müşaviri Takao İmanisi yuxarıda göstərilən avadanlıqların istifadə vəziyyiəti ilə maraqlanaraq onlardan istifadənin nə dərəcədə effektiv olduğu və oxucuların sorğularının ödənilməsində nə dərəcədə kömək etdiyi ilə maraqlanmışdır. Kitabxananın direktoru həmin avadanlıqların Milli Kitabxanaya təmənnasız olaraq verilməsinə görə bir daha Yaponiya hökumətinə təşəkkür etmiş və eyni zamanda, mikrofilmlərin aşkarlanması üçün xüsusi kimyəvi maddələrin olmaması səbəbindən kitabların mikrofilmə köçürülməsinin zəif getdiyini vurğulamış, bu işdə səfirliyin müvafiq köməklik göstərməsini xahiş etmişdir. 13 il bundan əvvəl Milli Kitabxanaya verilən bu avadanlıqların hazırda daha təkmil və modern variantlarının olduğunu söyləyən direktor səfirliyin bu sahədə Milli Kitabxanaya müvafiq köməklik göstərməsi təklifini irəli sürmüşdür. Səfirliyin nümayəndəsi bu təklifi Yaponiya hökumətinin müvafiq təşkilatlarının nəzərinə çatdıracağını bildirmişdir. Səfirliyin nümayəndələri kitabxananı gəzərək həmin avadanlıqların bilavasitə oxuculara xidmət prosesində istifadəsi ilə maraqlanmış və eyni zamanda kitabxanada həyata keçirilən oxuculara xidmət işinin avtomatlaşdırılması işi ilə tanış olmuşlar.

Sonda kitabxananın direktoru Kərim Tahirov qonaqlara Azərbaycan Milli Kitabxanası “Fotoalbom” (Azərbaycan, ingilis və rus dillərində) hədiyyə etmişdir.