close
icon E-kataloq və kitabxana

“Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” adlı Beynəlxalq Elmi-Praktik Konfrans

27-09-2018

Milli Kitabxanada sentyabr ayının 27-də Azərbaycan Milli Kitabxanasının 95 illiyi ilə əlaqədar olaraq “Milli Kitabxanalarda innovasiyalar – dəyişiliklərin əsası və inkişafın istiqaməti kimi” adlı Beynəlxalq Elmi-Praktik Konfransın açılış mərasimi keçirilmişdir. Konfransda 12 ölkənin 15 nümayəndəsi – Türkiyə, Qətər, Litva, Slovakiya, Bosniya və Hersoqavina, Tacikistan, Qırğızıstan, Özbəkistan, Başqırdıstan, Belorus Milli Kitabxanalarının və Rusiya Milli və Rusiya Dövlət Kitabxanasının direktor və direktor müavinləri, Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi Elçin Qafarlı və Şimali Qazaxıstan Vilayətinin İcra Hakimiyyətinin Dillərin İnkişafı üzrə İdarəsinin rəhbəri, Mağcanşünas Kemel Ospanov, Manaş Kozıbayev adına Şimali Qazaxıstan Dövlət Universitetinin professoru, Mağcanşünas  Zarxın Tarşıbay iştirak etmişlər.

Konfrans iştirakçıları ilk öncə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət etmiş, məzarları önünə əklil və gül dəstələri qoymuşlar. Sonra Milli Kitabxanaya dəvət olunmuş qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov qəbul edərək salamlamış və onlara Milli Kitabxana adından hədiyyələr təqdim etmişdir.

Daha sonra Prof. Kərim Tahirov Milli Kitabxananın 95 illiyinə həsr olunmuş tədbiri və “Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərgini açıq elan edərək konfrans iştirakçılarını salamlamış və dəvəti qəbul edib gəldikləri üçün öz minnətdarlığını bildirmişdir. Kərim Tahirov çıxışında, bu günün Milli Kitabxana üçün önəmli və özəl günlərdən biri olduğunu, ən başlıcası isə kitabxananın 95 il yol qət etdiyini və bu illərdə çoxsaylı uğurlarının olduğunu qeyd etmişdir. Direktor Kərim Tahirov çıxışında onu da vurğulamışdır ki, Milli Kitabxana hər zaman cənab prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində inkişaf edib və bu gün dünyanın aparıcı milli kitabxanaları sırasına çatmışdır.

Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Əbülfəs Qarayev qonaqları və konfrans iştirakçılarını salamlamış və Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyi münasibətilə kollektivi təbrik etmişdir. Cənab nazir çıxışında Azərbaycanda multikultural mühitin daim mövcud olduğunu vurğulamış və bu gün konfrans iştirakçılarının gərgin iş qrafikinə baxmayaraq dünyanın müxtəlif ölkələrindən, qitələrindən ölkəmizə səfər etdiklərini, eyni zamanda Azərbaycanın qonaqlar üçün maraq doğuracağını bildirmişdir. Nazir çıxışında Milli Kitabxanada keçirilən hər bir tədbirin respublikamızda əks-səda doğurduğunu, bu konfransın da məqsədinin kitabxanalarda texnologiyaların, yeni çağırışların qarşısında innovativ yeniliklər tapmaq olduğunu və bu məqsədlə konfransa dəvət olunmuş iştirakçının hər birinin öz təcrübəsini bölüşəcəyini bildirmişdir. Cənab nazir çıxışında Milli Kitabxananın tarixindən danışmış milyonlarla fondu olan kitabxanalar arasında Milli Kitabxananın 5 milyonluq fondunun kifayət qədər zəngin və əhatəli olduğunu, musiqiyə, incənətə, ədəbiyyata və digər sahələrə dair minlərlə kitabların mövcudluğunu və bunun da öz növbəsində Milli Kitabxananın fondlarını formalışdırmağa imkan veridiyini qeyd etmişdir. Nazir Milli Kitabxananın virtual imkanlarından danışmış, il ərzində 3 milyon oxucunun virtual kitabxanadan istifadə etdiyini bildirmiş, son dövrlərdə Milli Kitabxananın biblioqrafiya fəaliyyətində irəliləyişlər olduğunu, görkəmli şəxsiyyətlərə, ədiblərə həsr olunmuş biblioqrafiyaların nəşr edildiyini, 300-dən çox musiqi əsərlərinin Petruççi layihəsi vasitəsilə dünyanın musiqi şəbəkələrinə qoşulduğunu qeyd etmişdir. Əbülfəs Qarayev çıxışında respublikada müstəqil ölkə olaraq müstəqil kitabxana sistemi formalaşdırıldığını, ALİSA proqramı tətbiq olunduğunu vurğulamış, onu da qeyd etmişdir ki, kitabların müasir texniki daşıyıcılara köçürülməsi, onun gələcək nəsillərə çatdırılmasından savayı eyni anda dünyanın müxtəlif yerlərində istifadəsinin mümkünlüyünü asanlaşdırmaqdan ibarət olduğunu, artıq kitabxanaların kitabı alıb oxuyub və geri qaytarmaq funksiyasından çıxdığını və daha geniş miqyas aldığını bildirmiş və Milli Kitabxananın 100 illik yubileyində isə artıq yeniliklərin müzakirəsindən deyil, tətbiqindən danışılacağını arzulamışdır.

Daha sonra Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Milli Kitabxananı 95 illik yubileyi münasibətilə təbrik etmiş, kollektivə uğurlar arzulamışdır.

 AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Milli Kitabxananı yubiley münasibətilə təbrik etmiş, akademik çıxışında Milli Kitabxananın respublikada kitabxana şəbəkəsinin modeli olduğunu vurğulamış, nəşrlərinin elmi nəşrlər kimi qəbul edildiyini və istinadlar edildiyini bildirmişdir.

Daha sonra Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Genel Müdiri, Türkiyə Milli Kitabxanasının direktoru Hamdi Turşucu, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, akademik Nizami Cəfərov, BDU-nun baş müşaviri İsmayıl Əliyev, Qətər Milli Kitabxanasının İcraçı direktoru Dr. Sohair F.Vastavi, 525-ci qəzetin redaktoru Rəşad Məcid, Azərbaycan Respublikasının TÜRKSOY-dakı daimi nümayəndəsi  Elçin Qafarlı, Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov, Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət müşaviri İrfan Çiftçi, Latviyanın Azərbaycandakı səfiri Valdas Lastauskas çıxış edərək Milli Kitabxananı 95 illiyi münasibətilə təbrik etmiş və xoş arzularını bildirmiş, hədiyyələrini təqdim etmişlər.

Tədbirin sonunda dünya Milli Kitabxanalarından dəvət olunmuş qonaqlar Azərbaycan Milli Kitabxanası ilə tanış olmuşlar.
Konfransın davamı:

Azərbaycan Milli Kitabxanasının 95 illik yubileyinə həsr olunmuş “Milli Kitabxanalarda innovasiyalar - dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” adlı Beynəlxalq elmi-praktik konfrans davam etmişdir.

Konfransda Azərbaycan Milli Kitabxanasının Xidmət işləri üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, AMEA-nın doktorantı Ədibə İsmayılova “Azərbaycan Milli Kitabxanasının elektron resurs kolleksiyaları”, Qətər Milli Kitabxanasının İcraçı direktoru Dr. Sohair F. Vastavi “Dünyanın ən yeni Milli Kitabxanasında informasiya texnologiyaları”, Martinas Mazvidas adına Litva Milli Kitabxanasının Baş direktoru Prof. Dr. Renaldas Gudauskas “Litva Milli Kitabxanası – Müasir dövlət xatirə müəssisəsi”, Slovakiya Milli Kitabxanasının Xidmət şöbəsinin Tədqiqat bölməsinin müdiri PhD. Janka Dropkova “Slovakiya Milli Kitabxanasında innovasiyalar”, Rusiya Dövlət Kitabxanasının Xarici əlaqələr və sərgi fəaliyyəti üzrə baş direktor müavini Natalya Samoylenko Rusiya Dövlət Kitabxanasının fondlarının dizayn-sərgi fəaliyyəti vasitəsilə açılması”, Bosniya və Herseqovina Milli və Universitet Kitabxanasının direktoru Dr. Ismet OvčinaRəqəmsal dövrdə milli kitabxanaların elektron resursları: Bosniya və Herseqovina Milli və Universitet Kitabxanası və onun elektron resursları”, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru, fəlsəfə doktoru Leyla İmanova “Rəqəmsallaşmanın optimallaşdırma yolları: AMEA Mərkəzi Elmi Kitabxanasının Milli Rəqəmsal Yaddaş layihəsinin təcrübəsi əsasında”, Rusiya Milli Kitabxanasının baş direktorunun məsləhətçisi Anton LixomanovRəqəmsal iqtisadiyyat şəraitində kitabxanaların inkişaf perspektivləri”, Belarus Milli Kitabxanası direktorunun Oxuculara xidmət və ideologiya üzrə birinci müavini, pedaqoji elmlər namizədi Elena Dolqopolova “Sistemli yanaşma Belarus Milli Kitabxanasının sosial-mədəni fəaliyyətinin inkişafının əsası kimi”, Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasının Xarəzm Vilayəti Kitabxana-İnformasiya Mərkəzinin direktoru Rahimboy Kurbonov “Elektron resurslar və onların həcmi, yeni formaların inkişafı, keyfiyyətin ümumiləşdirilməsi, modifikasiyada əsas sabitləşdirici həllər”, Əhməd-Zəki Validi adına Başqırdıstan Respublikası Milli Kitabxanasının direktor müavini Aliya FatxutdinovaBaşqırdıstan Respublikasının Milli Elektron Kitabxanası: diyarşünaslıq kolleksiyaları”, Tacikistan Milli Kitabxanası Katibliyinin rəhbəri Haydar AyubovTacikistan Respublikasının ali təhsil müəssisələrinin kitabxanalarının elektron fondlarının zənginləşdirilməsi yolları və onların təmin edilməsi perspektivləri” mövzusunda məruzə ilə çıxış etmişlər.

Konfrans 27-28 sentyabr tarixlərində 2 gün davam edəcək.