24-10-2024
24 oktyabr tarixində Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin anadan olmasının 110 illik yubileyinə həsr olunmuş tədbir və “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından nəşr olunan "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının və "Xalq yazıçısı İlyas Əfəndiyev" adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Qeyd edib ki, Xalq yazıçısı, görkəmli dramaturq, İlyas Əfəndiyev Azərbaycan ədəbiyyatında öz ədəbi məktəbini yaratmış nadir şəxsiyyətlərdən biri olub. İlyas Əfəndiyevin yaratdığı ədəbi və teatr məktəbinin bu gün də davam etdiyini, Azərbaycan teatrlarının öz mövsümlərini İlyas Əfəndiyevin əsərləri ilə açdığını söyləyib. XX əsr Azərbaycan teatr məktəbinin formalaşmasında yaratdığı əsərləri ilə mühüm rol oynayan İlyas Əfəndiyevin Azərbaycan dram və teatr tarixinə adını qızıl hərflərlə yazdığını, əsərlərinin bu gün də öz aktuallığını qoruyub saxladığını, yeni nəsillərin mənəvi tərbiyəsində mühüm rol oynadığını, onun yaratdığı obrazlardan nümunə götürəcəyini söyləyib. Professor çıxışında Milli Kitabxana tərəfindən İlyas Əfəndiyevin yaradıcılığına ehtiram əlaməti olaraq ikinci dəfə "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının təkmilləşdirildirərək tərtib edildiyini bildirib. İlyas Əfəndiyevin ölməzliyə qovuşan görkəmli ədiblərdən biri olduğunu deyib. Görkəmli şəxsiyyətləri yaşadan amillərdən birinin onun övladları olduğunu, İlyas müəllimin Elçin müəllim kimi onun yolunu şərəflə davam etdirən böyük yazıçımızın, dramaturqumuzun yaradıcılığında yaşadığını bildirib. Azərbaycan dramaturgiya tarixində hər ikisinin paralel addımladığını qeyd edib.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu biblioqrafiya kitablarının xüsusilə tarix üçün çox vacib sənəd və sənədlər toplusu olduğunu qeyd edib. Peşəkər olaraq maraqlananlara elmi işlər yazmaq, tədqiqat aparmaq böyük şəxslər haqqında fikir söyləmək üçün biblioqrafiya kitabların böyük rolu olduğunu söyləyib. Yaradıcılığından başqa Azərbaycan ailəsinin başçısı olaraq xalqımıza gözəl insanlar bəxş edən İlyas Əfəndiyevin təvazökar insan olduğunu bildirib. Azərbaycan dramaturgiyasının formalaşmasında İlyas Əfəndiyevin rolunu xüsusi qeyd edərək İlyas Əfəndiyev teatırı anlayışı meydana gəldiyini, ən populyar tamaşaların İlyas Əfəndiyevin əsərlərinə qoyulan tamaşalar olduğunu söyləyib.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyev haqqında danışmaq Azərbaycan ədəbiyyatının, mədəniyyətinin hətta siyasətinin böyük bir dövrü haqqında danışmaq deməkdir. İlyas Əfəndiyev maraqlı şəxsiyyət olub. Həyat, tale İlyas Əfəndiyevi ədəbiyyat üçün yaradığını onun həyata baxışının dinamik, rəngarəng və politralı olduğunu qeyd edib. Ədəbiyyata nəsrlə gələn Xalq yazıçısının əsərlərində milli koloritin formalaşdığını, Qarabağ mühitinin, etnoqrafiyasının mükəmməl şəkildə öz əksini tapdığını bildirib.
Akademik Muxtar Kazımoğlu Xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığından, dramaturgiyasından ətraflı bəhs edərək Azərbaycan ədəbiyyatında Cəfər Cabarlıdan sonra İlyas Əfəndiyev kimi başqa ikinci bir dramaturqun olmadığını söyləyib. Dramaturgiyamızda lirik – psixoloji üslubun inkişafının İlyas Əfəndiyevin dram əsərləri ilə bağlı olduğunu qeyd edib. Əsərlərinin əksəriyyətinin böyük uğurla tamaşaya qoyulduğunu və Azərbaycan teatr sənətinin inkişafında mühüm rol oynadığını, Azərbaycan tarixinə görkəmli yazıçı, lirik – psixoloji üsluba üstünlük verən dramaturq kimi daxil olduğunu bildirib.
Xalq artisti, rejissor Mərahim Fərzəlibəyov çıxışı zamanı İlyas Əfəndiyev yaradıcılığının bir xəzinə olduğunu "İlyas Əfəndiyev. Biblioqrafiya" kitabının isə bu xəzinənin qızıl açarı olduğunu söyləyib.
Tədbirdə çıxış edən Xalq yazıçısı Elmira Axundova, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr və tərcümə məsələləri üzrə katibi Səlim Babullaoğlu, Azərnəşrin baş redaktoru Əlövsət Ağalarov İlyas Əfəndiyevin zəngin yaradıcılığından geniş söhbət açaraq görkəmli dramaturqun təkcə Azərbaycan nəsrində deyil, həm də teatr sənətinin müasir simasının formalaşmasında eləcə də ölməz səhnə əsərləri bir neçə aktyor və rejissor nəslinin yetişməsində əhəmiyyətli rol oynadığını vurğulayıblar. Ədibin əsərləri dünyanın onlarla ölkəsində müxəlif dillərə tərcümə olunduğunu qeyd ediblər.
Sonda Xalq yazıçısı Elçin Əfəndiyev çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Milli Kitabxanaya, çıxışçılara öz dərin minnətdarlığını bildirdib. Xalq yazıçısı çıxışında İlyas Əfəndiyevin həmişə oxucuları ilə bir yerdə olduğunu, əsərlərinin 90 faizini Sovet dövründə yazsa da, ideologiyaya deyil, ədəbiyyata xidmət edən yazıçı olduğunu söyləyib.
Sonra tədbir iştirakçıları Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış "Xalq yazıçısı İlyas Əfəndiyev" adlı elektron məlumat bazası ilə tanış olublar.
Qeyd edək ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Həyat və fəaliyyətinin əsas tarixləri”, “Görkəmli şəxslər İlyas Əfəndiyev haqqında”, “İlyas Əfəndiyev düşüncələrindən sətirlər”, “İlyas Əfəndiyev Dünya Milli və Universitet Kitabxanalarında”, “Əsərləri”, “Haqqında”, “Fotoqalereya”, “Videoqalereya” və s. özündə əks etdirən materiallar tam mətnləri ilə nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/I.Efendiyev/index.html linkindən istifadə edə bilərlər.