22-02-2019
Fevralın 22-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Xocalı Soyıqırımının 27-ci ildönümünə həsr olunmuş “Xocalı – XX əsrin soyqırımı” adlı kitab sərgisinin açılış mərasimi və Ulduz Qasımın “Xocalı şikəstəsi” adlı kitabının təqdimatı keçirilib.
İlk olaraq Xocalı faciəsi qurbanlarının və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq bildirib ki, Xocalı faciəsinin 27-ci ildönümü haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən tədbirlər planı təsdiq olunub. Direktor bildirib ki, Xocalı faciəsinin qurbanları ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda da hər bir azərbaycanlı tərəfindən dərin hüznlə yad edilir. Azərbaycan tarixinin ən qanlı səhifəsi olan Xocalı soyqırımından 27 il ötməsinə baxmayaraq, hər birimiz bu faciəni ağrısını ilk günki kimi yaşayırıq. 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərinə hücum edərək dinc əhaliyə qarşı qanlı qətliam törədib, 613 nəfər amansızlıqla qətlə yetirilib, 1275 nəfər girov götürələrək ağır işgəncələrə məruz qalıb. Prof. Kərim Tahirov çıxışında onu da qeyd edib ki, Xocalı qırğını təkcə Azərbaycan xalqına qarşı deyil, insanlıq əleyhinə törədilmiş cinayətdir. Xocalı faciəsinin daha geniş miqyasda tanıdılması, soyqırım aktı kimi qəbul olunması istiqamətində mühüm addımlar atılıb, ümumilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildə Milli Məclisin Xocalı Soyqırımının müzakirəsinə həsr olunmuş xüsusi iclasında hər il fevralın 26-sı “Xocalıların Soyqırımı günü” kimi qeyd olunması barədə qərar qəbul edilib. Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə, Heydər Əliyev Fondunun fəaliyyətinin və “Xocalıya ədalət” kampaniyasının həyata keçirilməsinin nəticəsində artıq beynəlxalq miqyasda Xocalı soyqırımı siyasi hüquqi qiymətini alaraq bir sıra ölkələr tərəfindən soyqırım kimi tanınıb.
Milli Kitabxananın direktoru qeyd edib ki, Xocalı faciəsi və onun qurbanları haqqında yüzlərlə kitablar nəşr edilib, yerli və xarici mətbuat səhifələrində yazılar dərc olunub. Ulduz Qasımın müəllifi olduğu “Xocalı şikəstəsi” adlı romanı da 27 il öncə baş vermiş Xocalı faciəsini və hadisələrin sonrakı inkişafını ümumiləşmiş şəkildə, bədii obrazlar vasitəsilə dolğunluqla əks etdirən bir əsərdir. O, bildirib ki, hələ Xocalı haqqında çox kitablar yazılmalı, xalqımızın başına gətirilən bu müsibətlər ədəbiyyatımızda layiqincə təbliğ olunmalı, gənc nəsil Xocalı faciəsinin ağrı–acılarını tarixi faktlarla yanaşı, belə əsərlərdən də oxuyub öyrənməlidirlər.
Daha sonra “Xocalı şikəstəsi” romanının müəllifi Ulduz Qasım çıxış edərək romanın bədii əsər olsa da, real hadisələr əsasında yazıldığını bildirib.O, Xocalıda baş verən hadisənin hər bir azərbaycanlıya təsir etdiyini, Xocalının Qarabağın yaralı yeri olduğunu söyləyib.
Yazıçı, publisist Rəhilə Gülgün çıxışında kitab haqqında fikirlərini deyib, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, tariximizin təbliği üçün bu əsərin əhəmiyyətli olduğunu vurğulayıb.
Daha sonra Milli Kitabxananın əməkdaşları Səyyarə Məmmədli, Tərlanə Əliyeva Xocalıya həsr etdikləri şeirləri səsləndirdilər.
Sonda tədbir iştirakçıları Xocalı faciəsiniözündə əks etdirən 300-dən artıq Azərbaycan və digər dillərdə nəşr olunmuş kitab və dövri mətbuat mareriallarını, foto şəkilləri əhatə edən“Xocalı – XX əsrin soyqırımı” adlı sərgi ilə tanış oldular.
Sərgi bir həftə nümayiş olunacaq.