close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Vaqif Səmədoğlu” adlı kitab sərgisi açılıb

05-06-2024

Bu gün Xalq şairi Vaqif Səmədoğlunun anadan olmasının 85-ci ildönümü tamam olur.

XX əsr Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, "60-cılar ədəbi nəsli"nin önücüllərindən biri və Azərbaycan sərbəst şeirinin reformatorlarından olan Xalq şairi Vaqif Səmədoğlu (Vaqif Səməd oğlu Vəkilov) 1939-cu il iyunun 5-də Bakı şəhərində, Azərbaycanın ilk Xalq şairi Səməd Vurğunun ailəsində anadan olub.

Vaqif Səmədoğlu poeziya, teatr və dramaturgiya sahəsində ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.

Vaqif Səmədoğlu teatr və kino üçün yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifidir. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirib.

“Yoldan teleqramlar”,  “Günü baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada”, “Gürzəçöl yazıları” və s. əsərlərin müəllifidir.

Azərbaycan teatrlarında səhnə təcəssümü tapmış “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “İntihar”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları”  tragikomediyaları və “Yaşıl eynəkli adam” trilogiyası, “Yumurta” kimi televiziya tamaşaları geniş izləyici rəğbəti  qazanıb. 

Ölkənin və cəmiyyətin həyatında baş verən proseslərə dərin vətəndaşlıq duyğusu ilə yanaşan Vaqif Səmədoğlu, eyni zamanda, ictimai xadim kimi də tanınıb. Onun ədəbi və ictimai-siyasi fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. “Əməkdar incəsənət xadimi”, “Xalq şairi”, "Nəsimi" mükafatı laureatı Vaqif Səmədoğlu Azərbaycan Respublikasının ali təltifləri olan “Şöhrət”, “Şərəf” və “İstiqlal” ordenlərinə layiq görülüb.

Müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Vaqif Səmədoğlunun 85 illik yubileyi ilə əlaqədar Milli Kitabxanada “Xalq şairi Vaqif Səmədoğlu” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə şairin əsərləri, sözlərinə bəstələnmiş musiqi notları, həyatı və yaradıcılığı haqqında Azərbaycan və xarici dillərdə kitablar,  dövri mətbuat nümunələri nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya