close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Xalq şairi Hüseyn Arif – 100” adlı kitab sərgisi açılıb

12-06-2024

Könüllərdə gözəl şeirləri ilə yuva quran Xalq şairi Hüseyn Arif (Hüseynzadə Hüseyn Camal oğlu) 1924-cü il iyunun 15-də Ağstafa rayonunun Yeni gün kəndində anadan olub.

Ədəbi fəaliyyətə İkinci dünya müharibəsi illərində başlayan xalq şairinin ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M.F.Axundov adına Opera və Balet teatrında, "Yolda" poeması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M.Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulub. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülüb. Əsərləri bir sıra xarici ölkə xalqlarının dillərinə tərcümə olunub, şeirlərinə musiqilər bəstələnib.

“Analar”, “Sən Dərsə Gəlməyəndə”, “İnsan”, “Xatırla Məni”, “Könül Deyir Yaşa Hələ”, “Şeir Deyilmi” və s. məşhur şeirlərin müəllifidir. “Yeni həyat yollarında”, “Mən sülhə səs verirəm”, “Məhəbbət nəğmələri”, “Dostluq telləri”, “Yolda”, “Ömür çeşməsi”, “Sibir töhfələri”, “Torpaq eşqi”, “Diri göl əfsanəsi”, “Bahar gələndə” və s. kitabları çap olunub. 

Xalq şairi Hüseyn Arif, həmçinin, iştirak etdiyi məclislərdə, tədbirlərdə, getdiyi rayonlarda maraqlı və gülüş doğuran əhvalatlarla, duzlu, məzəli söhbətləri ilə məhşur olub. Şairin hələ sağlığında ikən lətifələri dildən-dilə dolaşıb, üzlərə gülüş payı bəxş edib.

Hüseyn Arifin anadan olmasının 100 illiyi ilə  əlaqədar Milli Kitabxanada yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığını əks etdirən “Xalq şairi Hüseyn Arif – 100” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə şairin əsərləri, tərtibçi, ön söz, redaktor olduğu, tərcümə etdiyi, həyatı və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar, sözlərinə bəstələn­miş musiqi notları nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya