29-08-2024
Bu gün “Xalq qəzeti”nin 105-ci ildönümüdür. “Xalq qəzeti” fasiləsiz buraxılışına görə ölkənin ən qocaman qəzeti statusundadır. 1919-cu il avqustun 29-da “Kommunist” adı ilə çıxan bu qəzet nəşr olunduğu dövrü əhatə edən salnamədir.
“Xalq qəzeti” mənalı yaradıcılıq yolu keçmiş, özünəməxsus üslub və sənətkarlıq xüsusiyyətləri olan nəşrlərimizdəndir. Respublikada qəzetçilik ənənələrinin formalaşmasında, jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli, rəngarəng Azərbaycan mətbuatının bir çox görkəmli nümayəndələri bu qəzetin yaradıcılıq məktəbini keçib.
Müstəqilliyimizin qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın ictimai həyatında baş verən hadisələrə cəsarətlə müdaxilə etmiş, bir çox problemlərin aşkarlanmasında mühüm rol oynayıb. Amansız təcavüzkara qarşı apardığımız ədalətli mübarizə qəzetin daimi mövzusuna çevrilib. Bu gün qəzet müstəqil Azərbaycanda hüquqi və demokratik dövlət quruculuğu işində güclü səfərbəredici rol oynayır, nüfuzunu artırır, ölkənin öncül qəzeti mövqeyini qoruyub saxlayır.
“Xalq qəzeti” bu gün respublikanın bütün ərazisində yayımlanır, xarici ölkələrdəki səfirliklərimizə, diaspor təşkilatlarına göndərilir. Xaricdə yaşayan soydaşlarımız internet vasitəsilə hər gün qəzeti izləyə bilirlər. Respublikanın bölgələrində redaksiyanın müxbir məntəqələri fəaliyyət göstərir.
Qəzetin yubileyi ilə əlaqədar Milli Kitabxanada “Xalq qəzeti - 105” adlı virtual sərgi və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Virtual sərgidə “Xalq qəzeti”nin tarixi və fəaliyyəti haqqında dövri mətbuat səhifələrində dərc olunan məqalələr, kitablar, elmi araşdırmalar Azərbaycan və rus dillərində təqdim olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Xalq_qezeti/index.htm linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgidə qəzetin yarandığı tarixdən etibarən müxtəlif illəri əhatə edən nömrələri, tarixi və fəaliyyəti, redaktorları, qəzetçilik ənənələri, mətbuat tarixi və jurnalistika haqqında Azərbaycan və rus dillərində kitablar, elmi araşdırmalar, yubiley münasibəti ilə dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.