Görkəmli xanəndə, musiqi xadimi, pedaqoq, Xalq artisti, Qarabağ xanəndəlik məktəbinin ən böyük simalarından biri sayılan Seyid Şuşinski 1889-cu il aprelin 12-də dünyaya göz açıb.
Seyidin peşəkar bir xanəndə kimi tanınmasında xanəndəlik sənətinin beşiyi olan Şuşa mühitinin həlledici rolu olub. Nadir və gözəl səsə malik Seyid Şuşinski xanəndəlik sənətinin sirlərinə yiyələnmək üçün ən əvvəl iki il Mir Möhsün Nəvvabın yanında oxuyub. Onun xanəndə kimi yetişməsində Cabbar Qaryağdıoğlunun böyük təsiri olub.
Seyid yüksək diapazonlu səsi və muğamları düzgün və səlis oxumaq qabiliyyəti ilə dinləyiciləri və məşhur xanəndələri belə heyran qoyub. Onun oxuduğu “Çahargah”, “Nəva”, “Bayatı-İsfahan”, “Humayun”, “Rast”, “Mahur”, “Zabul”, “Şahnaz”, “Mirzə-Hüseyn segahı” muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bənzərsiz sənət əsərləri kimi özünəməxsus yer alıb.
Azərbaycan milli musiqi mədəniyyətinin inkişafında çox mühüm rolu olan Seyid Şuşinskinin anadan olmasının 135 illik yubileyi münasibətilə Milli Kitabxanada “Xalq artisti Seyid Şuşinski” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş kitablar Azərbaycan və rus dillərində nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.