31-05-2024
Bu gün Azərbaycanın məşhur uşaq bəstəkarı, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95 ili tamam olur.
Oqtay Zülfüqarov 1929-cu il mayın 31-də Bakı şəhərinin Pirşağı qəsəbəsində hakim ailəsində anadan olub. Musiqi Məktəbinin violonçel sinfində, A.Zeynallı adına Musiqi Məktəbi və Dövlət Konservatoriyasının violonçel sinfində təhsil alıb, professor Qara Qarayevin tələbəsi olub.
Oqtay Zülfüqarov ilk dəfə A.Şaiqin bir neçə uşaq şeirinə musiqi bəstələyib. “Oynayaq top-top”, “Qərənfiləm mən” və s. mahnıları yazıb.
Geniş yaradıcılıq diapazonuna malik olan Oqtay Zülfüqarov öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb.
Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən, mənim xalqım!” uvertürası, “Pişik və sərçə” nağıl-operası, “Sehrli alma” uşaq baleti, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur.
Yaradıcılığının böyük bir qismini uşaqlara həsr edən bəstəkarın “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub.
Oqtay Zülfüqarov ömrünün 60 ilindən çoxunu uşaq mahnılarının yazılmasına, gənc musiqiçilər nəslinin yetişdirilməsinə, Azərbaycan mədəniyyətinin inkişafına həsr edib. Müasir Azərbaycan musiqisində mahnı janrının inkişafında Oqtay Zülfüqarovun xidmətləri qiymətləndirilib. 1972-ci ildə "Əməkdar incəsənət xadimi", 2000-ci ildə "Xalq artisti" fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb.
Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Milli Kitabxanada “Xalq artisti Oqtay Zülfüqarov” adlı geniş kitab sərgisi açılıb.
Sərgidə Milli Kitabxananın fondunda mühafizə olunan bəstəkarın əsərlərinin not yazıları, həyat və yaradıcılığına həsr olunmuş Azərbaycan və rus dilində ədəbiyyatlar nümayiş olunur.
Sərgi 1 həftə davam edəcək.