close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir

11-12-2018

Dekabr ayının 11-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Kitabxanası və YAP Səbail Rayon Təşkilatı tərəfindən görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib. Əvvəlcə ümummilli liderin xatirəsi ehtiramla anılıb.

Kitabxananın direktoru prof. Kərim Tahirov söyləyib ki, Heydər Əliyev rəhbərlik etdiyi dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır sınaqlarından çıxarıb. Siyasi uzaqgörənlik, fitri istedad, müdriklik, qətiyyətlilik, siyasi iradə, dərin zəka, ensiklopedik biliyə malik olan bu fenomenal şəxsiyyət sayəsində Azərbaycan öz milli-mədəni varlığını qoruya bildi.

Professor qeyd edib ki, müstəqil Azərbaycanda kitabxana işinə qayğı siyasətinin əsası Heydər Əliyev tərəfindən qoyulub. Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğı ilə yanaşan Ulu öndərimiz Azərbaycanda kitabxana işinin inkişafına da öz töhfələrini verib. Çağdaş kitabxana quruculuğunun özülü də Ulu öndərimiz birinci dəfə Azərbaycana rəhbərlik etməyə başladığı dövrdə qoyulub. Bu dövrdə bir sıra şəhərlərdə və rayon mərkəzlərində yeni kitabxana binalarının tikilməsi, respublika kitabxana şəbəkəsinin sürətli inkişafı, kitabxanaçı kadrların hazırlanması sahəsində səmərəli tədbirlərin həyata keçirilməsi, kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində möhtəşəm işlərin görülməsi buna əyani sübutdur.

Direktor dahi liderin kitaba olan sevgisindən, bağlılığından, kitabxanaya diqqətindən, hakimiyyəti müddətində vaxt ayırıb 4 dəfə Milli Kitabxanaya səfər etməsindən danışıb. Natiq qeyd edib ki, kitabxanaları mədəniyyətimizin mühüm tərkib hissəsi, xalqımız üçün müqəddəs bir yer, bilik və zəka mənbəyi kimi qiymətləndirən, böyük mütaliəçi olan Heydər Əliyev vaxtının məhdud olduğu bir şəraitdə kitabxanaya gəlmiş, onun işi, əməkdaşları ilə tanış olmuşdu. Onun Milli Kitabxanaya münasibəti, həmişə onu diqqət mərkəzində saxlaması, kitabxananın işi ilə, vəziyyəti ilə maraqlanması müstəqillik illərində kitabxananın işində əsaslı dönüşə səbəb oldu, ulu öndərin bilavasitə qayğısı və köməyi sayəsində öz şərəfli işini müvəffəqiyyətlə davam etdirdi, milli ideologiyamızın təbliğində yaxından iştirak etdi. Professor bildirib ki, 1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərcmərclik şəraitində Ulu öndərimizin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdi.

Daha sonra Ulu öndərlə bağlı film nümayiş olunub.

YAP Səbail Rayon Təşkilatının sədri, millət vəkili, prof. Şəmsəddin Hacıyev çıxışında söyləyib ki, Azərbaycan xalqı öz milli dövlətçiliyinin dağılmaq təhlükəsi qarşısında qaldığını gördüyü və artıq ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini yenə Heydər Əliyevə etibar edib. Xalqının dar gündə qaldığını görüb onun təkidli dəvətini qəbul edən Heydər Əliyev Azərbaycanda yenidən böyük siyasətə qayıdıb. Millət vəkili Ümummilli liderin şərəfli ömür yolundan, siyasi, iqtisadi, ictimai həyatın bütün sahələrində gördüyü işlərdən, əldə olunan nailiyyətlərdən bəhs edib. Natiq söyləyib ki, Azərbaycanın tarixi və taleyi, bu illər ərzində xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə bağlıdır.

Millət vəkili qeyd edib ki, bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, qətiyyətli rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq etmişdir. Böyük həyat təcrübəsinə, dövlətçilik təcrübəsinə malik olan bu dahi şəxsiyyət az müddətdə geridə qalan ölkəni irəliyə apara bilir, özünün sağlığında memarı olduğu Azərbaycan dövlətini siyasi varisinə, etibarlı əllərə həvalə edir. Azərbaycanın inkişaf modeli bu gün tamamilə yeni çalarlarla cilalanaraq ölkəmizi uğurlara aparır, respublikamız regionun liderinə çevrilir, bütün sahələrdə irəliləyişlər olur. Ulu öndər Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini aydın görən xalqımız bu siyasəti yüksək dəyərləndirir və onun ətrafında daha sıx birləşir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını artırır. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rolunu və nüfuzunu artırır.

YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə, “Səs” media qrupunun rəhbəri Bəhruz Quliyev, ADPU rektorunun köməkçisi, YAP Gənclər Birliyinin fəal üzvü Riyad Rüstəmli, Teatr Xadimləri İttifaqının sədr müavini, Xalq artisti Hacı İsmayılov, YAP Siyasi Şurasının üzvü Rizvan Vahabov, AMEA İşlər İdarəsinin baş mütəxəssisi, YAP Səbail Rayon Təşkilatının fəal üzvü Kamran Mustafayev müstəqilliyi yenidən xalqımıza qaytaran, ölkənin çətin dövründə, siyasi anarxiyanın tüğyan etdiyi vaxtda hakimiyyətə gələn Ulu öndərin öz qüdrəti, cəsarəti ilə sabitliyi bərqərar etdiyini, parçalanmağa yönəlmiş addımları dəf edərək demokratik ölkə kimi inkişafın təməlini möhkəmlətdiyini və böyük şəxsiyyətin yaratdığı prinsiplər əsasında bu gün ölkəmizin sürətlə inkişaf etdiyi söyləyiblər.

Prof. Kərim Tahirov söyləyib ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında həll edilməsi üçün ölkə rəhbərliyinin tutduğu mövqe, yürütdüyü siyasət xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bütün bunlar ulu öndərimizin mənəvi irsinin layiqincə davam etdirildiyini, Azərbaycan xalqının öz seçimində yanılmadığını, müstəqil dövlətimizin taleyinin etibarlı əllərdə olduğunu təsdiqləyir. Natiq qeyd edib ki, müstəqil Azərbaycan dövlətinin dinamik inkişafına və beynəlxalq aləmdə öz layiqli yerini tutmasına görə xalqımız ümummilli lider Heydər Əliyevə borcludur. Heydər Əliyev xalqın yaddaşına qurucu və xilaskar dövlət xadimi, əbədi xalq məhəbbəti qazanmış milli lider kimi həkk olunub.

Sonda tədbir iştirakçıları Ümummilli liderin həyat və fəaliyyətinə dair “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti - Heydər Əliyev” adlı geniş kitab sərgisi ilə tanış olublar.