30-03-2023
Martın 30-da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Səbail Rayon İcra Hakimiyyəti və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Azərbaycan xalqının böyük oğlu, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda Elmi konfrans keçirilib. İlk öncə qonaqlar Milli Kitabxanada Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş guşədə ümummilli liderin xatirəsi anıldı.
Tədbir zamanı qeyd edildi ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Prezident İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Sərəncamına əsasən ölkədə çoxsaylı tədbirlər təşkil olunur.
Tədbir iştirakçıları öz çıxışlarında Heydər Əliyevin Azərbaycan mədəniyyətinin inkişafına və mədəni sərvətlərimizin mühafizə olunaraq gələcək nəsillərə çatdırılmasına böyük diqqət və qayğısından bəhs edərək bildirdilər ki, Ulu öndər daima bizim yaddaşlarımızda yaşayacaq.
Heydər Əliyev Azərbaycançılıq məfkurəsinə daima xüsusi diqqət yetirib. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi, müzəffər Azərbaycan ordusunun iştirakı ilə 30 ilə yaxın işğal altında olan torpaqlarımız düşməndən geri alındı və uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan bu gün regionda lider ölkəyə çevrilib.
Tədbirin sonunda qonaqlar Heydər Əliyev haqqında video-çarx və “2023 – Heydər Əliyev ili” adlı geniş kitab sərgisi ilə tanış olub.