07 aprel 2015-ci il tarixində Milli Kitabxanada Azərbaycan Milli Kitabxanası, AMEA-nın Əlyazmalar İnstitutu və Mərakeş Milli Kitabxanası arasında üçtərəfli Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlayıb. Milli Kitabxananın əlaqələrindən danışan Kərim Tahirov bu Əməkdaşlıq Memorandumunun 31-ci olduğunu, Misir və İordaniyadan sonra Mərakeşin əməkdaşlıq edəcəyi 3-cü ərəb dövləti olduğunu qeyd edib. İki ölkə arasında əlaqələrdən, xüsusilə mədəni əlaqələrdən danışan K.Tahirov imzalanacaq Memorandumun zəruriliyindən danışıb. Memorandumda kitab, qədim nəşr və əlyazmaların mübadiləsi, mütəxəssislərin təcrübə mübadiləsi, kitab sərgilərinin təşkili, stajorluq, konfranların keçirilməsinin yer aldığını bildirib.
Sonra üç tərəf arasında üç əsl nüsxədə olmaqla Azərbaycan, ərəb və ingilis dillərində Əməkdaşlıq memorandumu imzalanıb.
İmzalanma mərasimindən sonra Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli rəhbərlik etdiyi institutut haqqında qısa məlumat verib, bu imzalanmış Memorandumun fondlarımızın zənginləşməsinə xidmət edəcəyini bildirib.
Mərakeş Milli Kitabxanasının direktoru, professor Driss Khrouz öz kitabxanası haqqında məlumat verərkən 30 mindən artıq nadir əlyazmanın, Avropanı səyahət edən səyyahların xatirələrinin qorunduğunu bildirib. Mərakeş xalqının Azərbaycan haqqında çox az informasiyaya malik olduğunu vurğulayan D.Khrouz həmkarlarını Mərakeşdə Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı, poeziyası və s. mövzularda mühazirə oxumağa dəvət edib.
Mərakeşin Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Həsən Hami hər iki ölkə arasındakı münasibətlərdən qısaca danışıb, özünün müəllifi olduğu kitabları və Mərakeş şairlərinin türk dilinə tərcümə olunmuş kitablarını kitabxanaya hədiyyə edərkən növbəti kitabların Azərbaycan dilində olacağına ümid etdiyini bildirib.
Misir Mədəniyyət Mərkəzinin direktoru doc. Əhməd Sami Elaydy Milli Kitabxananın oxucusu olduğunu, bu kitabxananı doğma evi hesab etdiyini bildirdi, milli kitabxananın əlaqələrinin digər ərəb ölkələri ilə də yaranacağını arzuladı.
Tədbirin sonunda iştirakçılar Mərakeşə aid kitab sərgisi ilə tanış oldular.