close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Şuşa əl işləri” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

16-07-2024

2023-cü il noyabrın 21-də Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin verdiyi sərəncama əsasən Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilib.  Sərəncamda qeyd olunur: “Bu qərar Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olub İslam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır”.

Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindən biridir. XVIII əsrin ikinci yarısında Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa xalqımızın varlığını özündə yaşadan mədəniyyət abidələri, sənətkarlıq nümunələri, incəsənəti, o cümlədən xalçası, ipəyi, parçası və çini qabları ilə zəngindir.

Xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə sənətinin Azərbaycanda təsvir vasitəsi olduqca zəngin və rəngarəngdir. Tikmə sənətində ən çox rəngli ipək saplardan istifadə olunmaqla yanaşı, qızıl və gümüş tellərdən, ağac qabığı və fil sümüyündən hazırlanmış lövhəciklərdən, metal piləklərdən, hətta qiymətli daş-qaşlardan geniş istifadə edilirdi. Tikmə sənəti eyni zamanda zəngin naxış və koloriti ilə dekorativ - tətbiqi sənətimizin digər sahələri (xalça, metal, keramik və s.) ilə çox oxşarlıq yaradıb və milli sənət tariximizdə özünəməxsus yer tutur.

Azərbaycan tikmələri icra üsuluna görə təkəlduz, güləbətin, saya, piləkli, cülmə, muncuqlu, qurama, oturtma növlərinə bölünür.

2023-cü il 21 noyabr tarixli Sərəncamın icrası ilə əlaqədar Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa əl işləri” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə  Şuşa şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_el_isleri/index.htm linkindən istifadə edə bilərlər.

icon

Foto qalereya