18-12-2024
18 dekabr tarixində Azərbaycan Milli Kitabxanasında Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevə həsr edilən “Şavkat Mirziyoyev fenomeni” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Məclisin deputatları, Özbəkistanlı qonaqlar, elm və mədəniyyət xadimləri, həmçinin Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi, yazıçı və şairlər, elm və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri Azərbaycan Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yaxın dostu və qardaşı Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyev haqqında yazılan gözəl bir kitabın təqdimatının keçirildiyini qeyd edib. Tədbiri aparmaq üçün sözü tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcidə verib.
Tədbirin moderatoru Rəşad Məcid çıxışında Yeni Özbəkistanın qurucusu, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin fəaliyyətinin təkcə ölkəmizdə deyil, beynəlxalq ictimaiyyət arasında da böyük maraq doğurduğunu qeyd edib. Əlavə edib ki, tarixən qısa müddət ərzində Özbəkistanın dünya birliyindəki layiqli mövqeyini bərpa etmək, millətin kimliyini formalaşdırmaq, mədəniyyət və digər sahələrdə ardıcıl islahatlar aparmaq, tarixin hələ də tam araşdırılmamış məqamlarına obyektiv qiymət vermək, xalqın uzun illərdən bəri arzu və istəklərini gerçəkləşdirmək, yoxsulluğun aradan qaldırılması istiqamətində görülən tədbirlər təkcə özbək xalqının deyil, eyni zamanda beynəlxalq ictimaiyyətin, xarici tədqiqatçıların və analitiklərin diqqətini cəlb etmişdir. O, bu yaxınlarda Azərbaycanın “Təhsil” nəşriyyat evi tərəfindən çap olunan “Şavkat Mirziyoyev fenomeni” adlı kitabın Azərbaycan ziyalılarının böyük marağına səbəb olduğunu bildirib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə giriş sözündə Azərbaycan Prezidenti möhtərəm İlham Əliyev və Özbəkistan Prezidenti möhtərəm Şavkat Mirziyoyev cənəblarının xeyirxah səyləri və şərəfli zəhmətləri sayəsində çoxəsirlik Azərbaycan-Özbəkistan dostluq və qardaşlıq əlaqələri özünün ən yüksək mərtəbəsinə daxil olduğunu bildirib. İki qardaş ölkə arasındakı elmi-mədəni əlaqələrdən ətraflı bəhs edərək Özbəkistanın prezidenti Şavkat Mirziyoyevin uğurlu siyasətindən, Prezident İlham Əliyevlə dostluğu və bu dostluğun ölkələrarası əlaqələrə müsbət təsirindən, Özbəkistanın zəngin tarixi və mədəniyyəti, İslam dünyasına bəxş etdiyi din alimlərindən danışıb. İki qardaş ölkə arasındakı dostluq əlaqələrinin gələcəkdə də davam etməsini arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar özbək yazıçı və şairlərin bədii nümunələrinin ümumtürk ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. O qeyd edib ki, iki xalqın ədəbi əlaqələrinin belə sıx olması hər iki ölkənin ədəbiyyatının inkişafına müsbət təsiri var. 85 illiyində Şavkat Mirziyoyevin onu “Dostluq” ordeni ilə təltif etməsini xüsusi minnətdarlıqla qeyd edən yazıçı bunu Özbəkistan Prezidentinin Azərbaycan ədəbiyyatına diqqətinin nümunəsi kimi qiymətləndirib.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin müavini, Xalq artisti Murad Hüseynov qonaqları Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və cənab nazir Adil Kərimlinin adından salamlayıb. Özbəkistan və Azərbaycan xalqlarının dərin köklərə malik qardaşlıq əlaqələri birləşdirdiyini, bu gün həmin əlaqələrin iki qardaş xalqın Prezidentləri tərəfindən uğurla inkişaf etdirildiyini söyləyib. Nazir müavini iki qardaş xalq arasındakı qardaşlıq əlaqələri və ortaq mənəvi dəyərlərimizin tədqiqi və təbliği istiqamətində həyata keçirilən tədbirlərin bizi bir-birmizə daha da yaxınlaşdıracağını gələcəkdə də sözügedən əlaqələrinin davam etdiriləcəyini deyib.
Tədbirdə Özbəkistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Baxrom Aşrafxanov, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Xalq artisti Polad Bülbüloğlu, Özbəkistanın əməkdar jurnalisti, yazıçı Xurşid Dostmuhammad, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Özbəkistan xalq şairi, Senat üzvü Mahmud Toir, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Özbəkistan parlamentlərarası dostluq qrupunun rəhbəri Eldar İbrahimov, Özbəkistan Yazıçılar Birliyi sədrinin müavini Qayrat Məcid, Azərbaycan Milli Məclisinin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, “Şavkat Mirziyoyev Fenomeni” kitabının tərcüməçiləri şair Akif Azalp və ədəbiyyatşünas Yaşar Qasımbəyli, Özbəkistan Respublikası Senatının üzvü, "Vətən" jurnalının baş redaktoru, kitabın özbək dilindəki bədii redaktoru Husan Ermatov çıxış edərək son illərdə Özbəkistan və Azərbaycan arasındakı münasibətlərin hər iki ölkə liderləri Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyev siyasi iradəsi və yaxın dostluq əlaqələri sayəsində tamamilə yeni mərhələyə yüksəldiyini, bu əməkdaşlığın iki qardaş xalqın siyasi, iqtisadi və mədəni inkişafına xidmət etdiyi vurğulayıblar. Bu kitabın siyasi publisistikada özünəməxsus yenilik olduğunu, eləcə də Azərbaycan oxucuları və siyasətçiləri üçün vacib bir vəsait rolunu oynayacağını söyləyiblər.
Sonda “Şavkat Mirziyoyev Fenomeni” kitabının tərcüməçiləri şair Akif Azalp və ədəbiyyatşünas Yaşar Qasımbəyliyə Özbəkistanın milli geyimləri, Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirova isə Özbəkistan mədəniyyətinə aid xatirə əşyası hədiyə edilib.
Qeyd edək ki, Qüdrətülla Rəfiqovun müəllifi olduğu bu kitab Azərbaycanın "Təhsil" nəşriyyat evində çap olunub. Kitabın ön söz müəllifi Şeyxülislam Allahşükür Paşazadədir. Ana dilimizdə işıq üzü görən nəşrin redaktoru Mustafa Çəmənli və Qulu Kəngərlidir.
Kitab geniş ictimaiyyət nümayəndələri, siyasi elmlər istiqamətindəki ali təhsil müəssisələrinin müəllim-professor heyəti və tədqiqatçılar üçün nəzərdə tutulub.
Xatırladaq ki, bu kitab Özbəkistan Prezidentinə COP29 Beynəlxalq Konfransı çərçivəsindəki Azərbaycana səfəri zamanı təqdim edilib.