close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Rusiya Milli Kitabxanasının fondlarında qorunan Azərbaycana dair qiymətli materialların və Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının elektron versiyasının Milli Kitabxanaya təqdimetmə mərasimi

17-09-2015

Sentyabr ayının 17-də Milli Kitabxanada Rusiya Milli Kitabxanasının fondlarında qorunan Azərbaycana dair qiymətli materialların və Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının elektron versiyasının Milli Kitabxanaya təqdimetmə mərasimi, Azərbaycan Milli Kitabxanası ilə Bosniya və Herseqovina Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalanma mərasimi və “Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərginin açılış mərasimi keçirilmişdir.

Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov açaraq IV Bakı Beynəlxalq Kitab sərgi yarmarkasına qatılan qonaqları bir daha salamlamış, bu gözəl ənənəni alqışlamışdır. O, “Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərgidən bəhs edərkən söyləmişdir ki, sərgidə Rusiya Milli Kitabxanasında qorunan Azərbaycana aid kitablarla yanaşı Avstriya, Türkiyə, Özbəkistan və  Gürcüstandan gətirilmiş incilər də nümayiş olunur.

Yazıçılar İttifaqının katibi  Rəşad Məcid, ADPU-nun professoru Buludxan Xəlilov, AMEA-nın Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz xanım Əliyeva-Kəngərli qonaqları salamlamış, bütün kitabxana ictimaiyyətini, ziyalıları bu bayram münasibətilə təbrik etmişdir.

Sonra söz Rusiya Milli Kitabxanasının direktoru Anton Vladimiroviç Lixomanova verilmişdir. O, Rusiya Milli Kitabxanasında qorunan qədim Azərbaycan dilində ərəb qrafikasında olan kitablardan  ibarət 6 diski Azərbaycan Milli Kitabxanasına hədiyyə edərək, Azərbaycana məxsus olan sərvəti Azərbaycana qaytardığını söyləmişdir.

Azərbaycan Milli Kitabxanası ilə Bosniya və Herseqovina Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandum imzalanmışdır. Bosniya və Herseqovina Milli Kitabxanasının direktoru cənab İsmət Ovcina öz çıxışında bu Memorandumun əhəmiyyətinin qeyd etmiş, bütün həmkarlarına uğurlar arzulamış, bu qonaqpərvərliyə görə Kərim Tahirova minnətdarlığını bildirmişdir.

Sonra qonaqlar Milli Kitabxana ilə yaxından tanış olmuş, onları maraqlandıran suallara cavab almışlar