close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Rəfiq Zəka Xəndan” adlı kitab sərgisi açılıb

13-06-2024

Tanınmış şair, yazıçı Azərbaycan poeziyasında və elmində öz dəst-xətti ilə seçilən Əməkdar incəsənət xadimi Rəfiq Zəka Xəndan 1939-cu il iyunun 16-da Bakıda görkəmli ədəbiyyatşünas Cəfər Xəndanın ailəsində dünyaya göz açıb.

1962-ci ildə şairin M.Müşfiqə həsr olunan “Çağlayan” adlı ilk şeirlər kitabı işıq üzü görür.  Yaradıcılıq diapazonu geniş olan şair “Axırı yaxşı olar”, “Mənim əziz vəhşiciyim” musiqili komediyalarının, eyni zamanda “Füzuli” və “Söyüdlər ağlamaz” operalarının mətnlərinin müəllifidir. 

Şair heca və əruz vəznlərində bir-birindən maraqlı əsərlər qələmə alıb. Əsərlərinin mövzu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. “Səadət”, “Vətən kimlərindir?”, “Meşədə”, “Altı gül”, “Baharın heykəli”, “Könlümün yadigarı”, ümumilikdə 30-dək kitabı işıq üzü görən müəllifin əsərləri müxtəlif dillərə tərcümə edilib.

Bədii yaradıcılıqla yanaşı, pedaqoji sahədə də fəaliyyət göstərən Rəfiq Zəka Xəndan “Məhəmməd Hadi”, “Cavid sənəti” və “Müşfiq incəlikləri” monoqrafiyalarını yazıb.

Rəfiq Zəka Xəndan həm də nəğməkar-şair idi. Tanınmış bəstəkarların, demək olar ki, əksəriyyəti onun şeirlərinə mahnılar bəstələyib. Bu mahnılardan “Ana Kür”, “Səadət”, “Qarabağım” bu gün də müğənnilərin repertuarında geniş yer alır.

Zəngin yaradıcılıq yolu keçən şair respublikanın Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı adlarına layiq görülüb.

Rəfiq Zəka Xəndanın anadan olmasının 85-ci il dönümü ilə əlaqədar Milli Kitabxanada yazıçının həyat yolu, fəaliyyəti və yaradıcılığını əks etdirən “Rəfiq Zəka Xəndan” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə şairin əsərləri, tərtibçisi və redaktoru olduğu, ön söz yazdığı kitablar,  yaradıcılığı haqqında ədəbiyyatlar Azərbaycan və xarici dillərdə, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

icon

Foto qalereya