close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

24-04-2024

Naxçıvan diyarı əzəli və əbədi Azərbaycan torpağı, qədim tarixə, zəngin mədəniyyətə və çoxəsrlik milli dövlətçilik ənənələrinə malik olan bəşər sivilizasiyasının beşiklərindən biri, Şərqin məşhur ticarət, sənətkarlıq, elm və mədəniyyət mərkəzlərindəndir. Naxçıvan Azərbaycanın çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynamışdır.

Naxçıvan böyük şəxsiyyətlərin, Azərbaycan ədəbi-fəlsəfi fikrində və elmində öz xüsusi yeri olan mütəfəkkirlərin, filosofların, ustad qələm sahiblərinin vətənidir. Naxçıvan xalqımıza müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lideri Heydər Əliyev, Hüseyn Cavid, Məmməd Səid Ordubadi, Cəlil Məmmədquluzadə, Məmməd Araz, Yusif Məmmədəliyev kimi şəxsiyyətləri bəxş edib.

Beşminillik tarixin ərmağanı olan qədim Naxçıvan 100 il öncə muxtariyyət statusu alıb. Artıq bir əsrdir ki, Naxçıvan muxtar respublika kimi yaşayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü il dekabrın 30-da “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.

Yubileylə əlaqədar olaraq Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Qədim diyarın bir əsrlik yolu” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə qədim diyarın tarixini, mədəniyyətini, arxeoloogiyasını, abidələrini tədqiq edən ədəbiyyatlar, Naxçıvan Muxtar Respublikasının yaradılmasının yubileyləri ilə bağlı rəsmi sənədlər, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Naxchivan-100/index.htm   linkindən istifadə edə bilərlər.