16-01-2015
Yanvar ayının 16-da Milli Kitabxanada Qanlı Yanvar hadisələrinin 25 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi və təbdir iştirakçılarını qanlı hadisələrə həsr olunmuş filmə tamaşa etməyə dəvət etdi. K.Tahirov çıxışında tarixə qısa nəzər salaraq soyuq qış gecəsində sovet ordusunun silahlı birləşmələrinin dinc əhaliyə tutduğu divandan ürək ağrısı ilə danışdı. Televiziyanın enerji blokunun partladılmasından, qəzetlərin çıxmamasından, informasiya qıtlığından, Azərbaycanın ümummilli lideri Heydər Əliyev cənablarının belə çətin gündə sayıqlığından, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsindən söhbət açdı. Sonra sözü Mədəniyyət və Turizm Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Vaqif Quliyevə verdi. Vaqif müəllim 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınlarının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağından bəhs etdi.
Tədbirdə iştirak edən yeni çapdan çıxmış “Qara Yanvar dialoqu” kitabının müəllifləri Məzahir Süleymanzadə və Şakir Yaqubov kitabın ərsəyə gəlməsindən, materialların ürək ağrısı ilə toplanıb tədqiq olunmasından danışdılar.
“Aytam” uşaqların mədəni maarifləndirilməsi ictimai birliyinin üzvləri hadisələrə həsr olunmuş şeirlər səsləndirdilər.
Tədbirin sonunda iştirakçılar qanlı hadisələri özündə geniş əks etdirən “20 yanvar-hüzn və milli qürur günü” adlı geniş kitab sərgisi ilə tanış oldular.