Yanvar ayının 14-də Milli Kitabxanada Qanlı Yanvar hadisələrinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etdi. K.Tahirov çıxışında tarixə qısa nəzər salaraq soyuq qış gecəsində sovet ordusunun silahlı birləşmələrinin dinc əhaliyə tutduğu divandan, televiziyanın enerji blokunun partladılmasından, informasiya qıtlığından, Azərbaycanın ümummilli lideri Heydər Əliyev cənablarının belə çətin gündə sayıqlığından, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsindən söhbət açdı. Sonra söz Mədəniyyət və Turizm Nazirliyinin işçisi Aslan Cəfərova verildi. O, bu cinayətin bəşər tarixində daima qara səhifə olaraq qalacağından, həmin hadisələrin canlı şahidi olmasından bəhs etdi.
Nizami rayonunun Uşaq və gənclər yaradıcılıq mərkəzinin dram dərnəyinin üzvləri 20 yanvara və şəhidlərə həsr olunmuş şeirlər, Milli Kitabxananın şöbə müdiri Səyyarə Məmmədli və bölmə müdiri Fəridə Hacıyeva öz şeirlərini söylədilər.
Tədbir iştirakçıları qanlı hadisələri özündə geniş əks etdirən “20 yanvar-hüzn və milli qürur günüdür” adlı geniş kitab sərgisi və Uşaq və gənclər yaradıcılıq mərkəzinin “20 yanvar uşaqların gözü ilə” rəsm sərgisi ilə tanış oldular.