03-04-2024
Qədim Azərbaycan torpağı olan Naxçıvan dünyanın ən qədim mədəniyyət mərkəzlərindəndir. Bu torpaqda Azərbaycan xalqının zəngin tarixi, elmi və mədəni irsi formalaşıb.
1924-cü ildə yaradılan Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyasına (12 noyabr 1995-ci il) əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir.
Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir.
Prezident İlham Əliyev 30 dekabr 2023-cü ildə Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2024-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 ili tamam olur.
Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyi ilə əlaqədar “Naxçıvan Muxtar Respublikası-100” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazasında “Rəsmi sənədlər”, Naxçıvanın tarixi, coğrafiyası, mədəniyyəti, görkəmli şəxsiyyətləri, Naxçıvan Muxtar Respublikası haqqında nəşrlər (kitablar, məqalələr, dissertasiya və avtoreferatlar), fotoqalereya və s. özündə əks etdirən materiallar nümayiş olunur.
Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Naxchivan-100/index.html linkindən istifadə edə bilərlər.