close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “Mir Cəlal Paşayev” adlı elektron məlumat bazası və “Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub

26-04-2024

Bu gün görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin anadan olmasının 116 ili tamam olur

XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş ədəbiyyatşünas-alim, Əməkdar elm xadimi, professor Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil kəndində anadan olub.

Görkəmli yazıçı, unudulmaz ədib, böyük alim, xeyirxah insan Mir Cəlal Paşayev çox erkən yaşlarında ədəbi tənqidə gəlib və 20 yaşında gənc ikən ilk sanballı ədəbi-tənqidi qələm təcrübəsi  olan "Ədəbiyyatda romantizm" əsərini 1928-ci ildə yazaraq Dağıstanın Mahaçqala şəhərində nəşr olunan "Maarif yolu" jurnalında dərc etdirib.

Dövrün ruhuna uyğun olaraq "Sağlam yollarda" adlandırdığı ilk oçerklər kitabı 1932-ci ildə çap olub. O, ədəbiyyat tarixinə, tənqid və ədəbiyyatşünaslığa dair bir sıra qiymətli əsərlərin müəllifidir. Mir Cəlal diqqətəlayiq romanlar müəllifi kimi də tanınıb. "Dirilən adam" və "Bir gəncin manifesti",  "Açıq kitab", "Təzə şəhər", "Yolumuz hayanadır?" romanları yazıçının dəyərli əsərlərindəndir.

Bədii ədəbiyyatın müxtəlif janrlarına müraciət edən Mir Cəlal yaradıcılığında kiçik hekayələr xüsusi yer tutur. "Bostan oğrusu", "Yanlış barmaqlar", "Mərkəz adamı" kimi hekayələr tərbiyəvi əhəmiyyətli olduğu üçün yüksək qiymətləndirilir.

Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Ədibin "Klassik irs və müasirləri"mizə dair məqalələri, monoqrafik tədqiqatları, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda yazdığı doktorluq dissertasiyası, "Füzuli sənətkarlığı", "Cəlil Məmmədquluzadə realizmi haqqında" və sair bu kimi əsərləri onun ədəbi-nəzəri düşüncə ilə ardıcıl və sistemli şəkildə məşğul olmasını təsdiqləyən çox ciddi faktlardır.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən ədibin həyat və yaradıcılığını özündə əks etdirən “Böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayev” adlı virtual sərgi və “Mir Cəlal Paşayev” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub.

Virtual sərgidə rəsmi sənədlər, əsərləri, həyatı, ədəbi və ictimai fəaliyyəti haqqında nəşr olunmuş Azərbaycan və müxtəlif dillərdə kitablar, dövri mətbuat səhifələrində dərc olunmuş məqalələr, fotolar təqdim olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Mir_Celal/index.htm linkindən istifadə edə bilərlər.

Elektron məlumat bazasında isə “Rəsmi sənədlər”, “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”,  “Görkəmli şəxslər Mir Cəlal haqqında”, “Mir Cəlalın müdrik kəlamları”,  “Mir Cəlal görkəmli şəxslər və ədəbiyyatımız haqqında”, “Mükafatları”,  “Mir Cəlal dünya kitabxanalarında”,  “Əsərləri“, "Haqqında (kitablar, məqalələr, dissertasiya və avtoreferatlar)” və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/MirCelal/index.html  linkindən istifadə edə bilərlər.

 

icon

Foto qalereya