27-12-2018
Dekabrın 27-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Azərbaycan Milli Kitabxanası ilə birlikdə “Mikayıl Rzaquluzadə. Biblioqrafiya” kitabının və eyniadlı elektron məlumat bazasının təqdimat mərasimi keçirildi.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq, görkəmli tərcüməçi, nasir, şair Mikayıl Rzaquluzadənin ədəbi yaradıcılığı, tərcümə fəaliyyəti haqqında geniş söhbət açdı. Professor çıxışında yazıçının bədii yaradıcılığında maarifçilik, tərbiyəvilik ruhunun, uşaqlar üçün yazdığı əsərlərində gənclərin nəcib və sağlam ruhda yetişməsində vətən sevgisi, sülh, azadlıq və qəhrəmanlıq mövzularının geniş yer tutduğunu söylədi.
F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında “Uşaq ədəbiyyatı xəzinəsindən” seriyasından tərtib olunmuş “Mikayıl Rzaquluzadə. Biblioqrafiya” adlı kitabın Azərbaycan uşaq ədəbiyyatına böyük töhfələr vermiş görkəmli yazıçının anadan olmasının 115 illiyinə həsr edildiyini bildirdi. Direktor biblioqrafiyada nasirin ədəbi-ictimai fəaliyyətinin 1923-2018-ci illəri əhatə edən kitablarda, dərsliklərdə, dövri mətbuatda nəşr olunmuş əsərlərinin, tərcümələrinin əks olunduğunu qeyd etdi.
ADPU-nun kafedra müdiri, filologiya elmləri doktoru, prof. Zahid Xəlil çıxışında biblioqrafiyanın böyük yazıçı, tərcüməçi, maarifçi, ziyalı Mikayıl Rzaquluzadənin həyatını, yaradıcılığını, pedaqoji fəaliyyətini mükəmməl əks etdirən bir tədqiqat işi olduğunu, eyni zamanda M.Rzaquluzadənin Azərbaycan uşaq ədəbiyyatının xarici ölkələr ədəbiyyatı hesabına zənginləşməsində rolu olduğunu, dünyanın müxtəlif ölkələrində yaşayan və müxtəlif millətlərə mənsub olan yazıçıların əsərlərini dilimizə tərcümə etdiyini bildirdi.
Filologiya elmləri doktoru, prof. Rafiq Yusifoğlu çıxış edərək Mikayıl Rzaquluzadənin orta məktəblərdə tədris olunan ədəbiyyat dərsliklərinin hazırlanmasında yaxından iştirak etdiyini, onun müəllifliyi ilə tərtib olunan dərsliklərin pedaqoqlar tərəfindən yüksək qiymətləndirildiyini söylədi.
Uşaq ədəbiyyatı tədqiqatçısı, filologiya üzrə fəlsəfə doktoru, dosent Füzuli Əsgərli çıxış edərək Mikayıl Rzaquluzadəni Azərbaycan uşaq ədəbiyyatının korifeyi adlandırdı və yazıçının tərcümə fəaliyyətindən danışdı.
Yazıçılar Birliyinin Uşaq şöbəsinin müdiri Qəşəm Nəcəfzadə çıxış edərək, uşaq psixologiyasının mahiri bilicisi Mikayıl Rzaquluzadənin uşaqlar üçün yazdığı dəyərli əsərlər haqqında danışdı, onların orta məktəb dərsliklərində tədrisi ilə bağlı geniş məlumat verdi.
Daha sonra Salman Mümtaz adına Azərbaycan Respublikasının Dövlət ədəbiyyat və İncəsənət Arxivinin direktoru Könül Nəsibova, uşaq yazarı Solmaz Amanova, kitabın tərtibçisi, Əməkdar mədəniyyət işçisi Nazilə Tahirova çıxış edərək göstəricinin ədəbiyyatşünas alimlər, tədqiqatçılar üçün dəyərli mənbə olacağını söylədilər.
Görkəmli yazıçı və nasir Mikayıl Rzaquluzadənin ailəsi adından nəvəsi Aytən Rzaquliyeva yazıçının yaradıcılığına verilən dəyərli töhfəyə görə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının rəhbərliyinə və kollektivinə, həmçinin tədbir iştirakçılarına minnətdarlığını bildirdi.
Daha sonra “Mikayıl Rzaquluzadə” adlı zəngin elektron məlumat bazası təqdim edildi.
Sonda tədbir iştirakçıları Milli Kitabxananın fondunda mühafizə olunan, Mikayıl Rzaquluzadənin ədəbi-bədii yaradıcılığını əks etdirən geniş kitab sərgisi ilə tanış oldular.