14-06-2024
Bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Cənab Prezidentin 25 yanvar 2024-cü il tarixli sərəncamı ilə dahi şairin yubileyi dövlət və beynəlxalq miqyasda qeyd edilir.
Sərəncamda qeyd edildiyi kimi, “Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, ülvi ideallarla yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir. Məhəmməd Füzuli anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmişdir. Onun parlaq dühasının təcəssümü olan və bu gün də sevilə-sevilə oxunan əsərləri yarandığı ilk vaxtlardan geniş coğrafiyada yayılmış və müəllifinə böyük şöhrət qazandırmışdır”.
Yubiley münasibətilə Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Məhəmməd Füzulinin bədii-fəlsəfi irsinin kitabxanalarda təbliği” adlı metodik vəsait hazırlanıb. Vəsaitdə “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, fil.e.d., dos. Elnarə Akimovanın müəllifi olduğu “Heydər Əliyevin Füzuli mücadiləsi – “Sorun kim, bu nə sevdadır...” adlı məqalə, kitabxanalarda Füzuli irsinin təbliği istiqamətində görüləcək işlər barədə metodik tövsiyələr, həmçinin “Əlavələr” bölməsində Füzulinin Milli Kitabxananın fondunda olan ilk əsərlərindən, əsərlərinə çəkilmiş miniatürlərdən və dahi şairə həsr edilmiş şeirlərdən nümunələr yer almışdır.
Metodik vəsait ilə tanış olmaq istəyənlər http://web2.anl.az:81/read/page.php?bibid=895535&pno=1 linkindən istifadə edə bilərlər.