close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Dövlət Musiqili Teatrının birgə Layihəsi əsasında Xalq yazıçısı, görkəmli dramaturq Elçinin Dövlət Musiqili Teatrında səhnələşdirilmiş “Baladadaşın toy hamamı”

08-06-2016

İyun ayının 08-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və Azərbaycan Musiqili Teatrının birgə Layihəsi əsasında  Xalq  yazıçısı, görkəmli dramaturq Elçinin Musiqili Teatrda səhnələşdirilmiş “Baladadaşın toy hamamı” tamaşasının qəhrəmanları və yaradıcı heyət ilə görüş keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq layihə haqqında tədbir iştirakçılarına məlumat vermiş, həmişə tamaşaçının teatra gəldiyi halda bu dəfə teatrın tamaşaçı ilə görüşə gəldiyini vurğulamış, teatrın kollektivinə yeni-yeni yaradıcılıq uğurları arzulamışdır.

Belə görüşlərin əhəmiyyətindən danışan K.Tahirov bu yolla tamaşaçıların daha savadlı tamaşaçıya çevriləcəyinə, hadisələrə real baxacağına əmin olduğunu söyləmiş, belə görüşlərin inkişafın rəhni olduğunu bildirmiş, tədbir iştirakçılarını fəal olmağa çağırmışdır.

Azərbaycan Musiqili Teatrının direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev bu görüşün çox məsuliyyətli olduğunu söyləmiş, may ayının 29-da tamaşaçılara təqdim olunmuş “Baladadaşın toy hamamı” tamaşasının yaradıcı heyəti və qəhrəmanları ilə birbaşa ünsiyyət, görüş üçün Milli Kitabxananın kollektivinə minnətdarlığını bildirmişdir. Tamaşanın premyerasının mart ayında 3 gün anşlaqla keçdiyini söyləyən Ə.Lalayev teatrın ilk dəfə Elçinin əsərinə müraciət etdiyini bildirmişdir.

Milli Kitabxananın əməkdaşları M.Cəfərova, G.Hüseynova, M.Talıbova, Ş.Tahirova və b. tamaşa haqqında öz fikirlərini söyləyərək qeyd ediblər ki, teatrla kinonun sintezi çox uğurlu alınıb, Bakı kəndləri, adət və ənənələr çox ustalıqla əks olunub, temporitm çox yüksək səviyyədədir, səhnə əvəzetmələri çox ustalıqla, fasiləsiz yerinə yetirilib, tamaşanın müsiqisi və mətnlərindən çox böyük zövq aldıqlarını bildiriblər.