27-01-2016
Yanvar ayının 27-də Milli Kitabxanada Mədəniyyət və Turizm Nazirliyi, Mətbuat Şurası və Milli Kitabxana birgə Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılmasının təkmilləşdirilməsi məsələlərinə dair qəzet və jurnal redaktorlarının və nəşriyyat direktorlarının respublika müşavirəsini keçirmişdir.
Müşavirəni Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayev açaraq bu müşavirənin elmimiz, mədəniyyətimiz, mənəviyyatımız, milli mətbuatımızın tarixi üçün çox vacib əhəmiyyət kəsb edən milli mətbuatımızın və nəşr məhsullarımızın arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsinə həsr edildiyini, işin təkmilləşdirilməsinin üç əsas məsələnin həllindən asılı olduğunu diqqətə çatdırmışdır. 1-ci məsələ ölkə ərazisində dərc olunan mətbuatın və nəşr məhsullarının pulsuz məcburi nüsxələrinin Milli Kitabxanaya göndərilməsi, 2-ci məsələ nəşr məhsullarına İSBN beynəlxalq kitab nömrələrinin verilməsi işinin qaydaya salınması, 3-cü məsələ isə ölkə ərazisində çap olunan kitablara vahid kitab nömrəsinin verilməsinin tətbiq olunmasından ibarət olduğunu söyləmişdir.
1-ci məsələyə toxunan nazir Milli mətbuatın və nəşr məhsullarının arxiv fondunun yaradılması hər birimizin vətəndaşlıq, həm də vəzifə borcu olduğunu, arxiv fondunun tam şəkildə yaradılması həm də naşirlərin, redaksiyaların tarixdə yaşadılmasına, qalmasına şərait yaratdığını söylədi.
Nəşr məhsullarına İSBN beynəlxalq kitab nömrələrinin verilməsinin zəruriliyini qeyd edən nazir hazırda bu işlə Xəzər Universitetinin məşğul olduğunu, bu işin formal aparıldığını, respublikada çap olunan kitabların yalnız 20-25 faizinə İSBN nömrəsi verildiyini, onların da beynəlxalq İSBN Agentliyinin bazasında öz əksini tapmadığını, eyni nömrənin 10-15 kitaba verildiyini söyləmişdir. İSBN nömrəsi Milli Kitabxana tərəfindən verilərsə arxiv fondu da zənginləşər və məcburi nüsxələrin verilməsində paralelçilik aradan qaldırılar. Bu məsələdə Müəllif Hüquqları Agentliyi də İSBN nömrəsinin və vahid kitab nömrəsinin Milli Kitabxana tərəfindən verilməsini dəstəkləyir və bu barədə Nazirlər Kabinetinə təklif də vermişdir. Yekun qərar qəbul etmək üçün nazir müşavirə iştirakçılarını aktiv müzakirəyə dəvət etmişdir.
Kitablara vahid kitab nömrəsinin verilməsindən danışan nazir bunun bütün sivil ölkələrdə tətbiq olunduğunu, ölkə mətbuatının və nəşr məhsullarının statistik uçotunun aparılması üçün çox vacibliyini, digər tərəfdən ölkə ərazisində dərc olunan nəşrlərin repertuarının tərtibi üçün də çox əhəmiyyətli olduğunu, bu gün Azərbaycanda nə qədər kitab çap olunur, onlar hansı sahələri əhatə edir, hansı ədəbiyyata daha çox ehtiyac var və s. bu kimi suallara məhz vahid kitab nömrəsinin verilməsi, başqa sözlə, ölkə çap məhsullarının vahid uçotunun aparılmasının cavab verə biləcəyini söylədi.
Hər üç məsələ ilə əlaqədar çıxış etmək üçün söz Milli Kitabxananın direktoru prof. Kərim Tahirova verildi. O, öz çıxışına respublika ərazisində dərc olunan mətbuatın və nəşr məhsullarının Arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə Mədəniyyət və Turizm Naziri cənab Əbülfəs Qarayevin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etməsi və cənab Prezident məsələnin vacibliyini nəzərə alaraq qanunvericilik təşəbbüsü qaydasında nazirliyin təkliflərinə baxlıması üçün Milli Məclisə göndərməsi, uzun müzakirələrdən sonra Milli Məclisin müvafiq Qanun layihəsini qəbul etməsi və həmin Qanunun 20 oktyabr 2015-ci il tarixində cənab Prezident tərəfindən imzalanması ilə başlamışdır. Milli Kitabxananın direktoru fürsətdən istifadə edərək Nazirliyin təklifinə diqqətlə yanaşaraq onu qanunvericilik təşəbbüsü qaydasında baxılıması üçün Milli Məclisə göndərdiyinə və bu mühüm Qanunu imzaladığına görə oxucular və bütün kitabxanaçılar, alimlər və tədqiqatçılar adından cənab Prezidentə təşəkkürünü bildirmişdir.
Milli mətbuatın və çap məhsullarımızın arxiv fondunun yaradılmasının bu gün aktual əhəmiyyət kəsb edən məsələ kimi mətbuat orqanlarımızın, nəşriyyatlarımızın, kitabxanalarımızın, hər bir naşirin, alimin, müəllifin diqqət mərkəzində olmasının zəruriliyindən, bunun üçün pulsuz məcburi nüsxələrin mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq təşkilatlara göndərilməsinin təmin olunmasından, çap məhsulatının dəqiq uçotunun aparılması məqsədi ilə ölkə üzrə vahid kitab nömrəsinin verilməsi təcrübəsinin tətbiqindən, Ümumdünya vahid kitab nömrələrinin (İSBN) verilməsi işinin lazımi səviyyədə təşkilindən ibarət olduğunu söylədi.
Sivil və mütərəqqi dünya ölkələrində hər üç mənbənin qarşılıqlı əlaqədə vahid bir system kimi işləməsindən danışan Tahirov xarici ölkələrdə bu sahədə heç bir problemin olmadığını söylədi.
Müstəqil Azərbaycan Respublikasında da bu məsələləri nizamlamağa yönəlmiş bir sıra qanunlar və onların müvafiq maddələri mövcudluğuna baxmayaraq ayrı-ayrı müəssisələr və təşkilatlar, hüquqi və vəzifəli şəxslər tərəfindən həmin qanunların tələblərinə məhəl qoyulmaması Milli mətbuatın və çap məhsullarımızın arxiv fondunun yaradılması işini bərbad vəziyyətə salmışdır ki, bu gün Milli Kitabxananın nəzdində yaradılan Arxiv fondu ölkə ərazisində dərc olunan materialların demək olar ki, 60-70 faizini ancaq əhatə edə bildiyini vurğulayan direktor bunun çox acınacaqlı hal olduğunu, gələcək nəsillərin bizi bağışlamayacağını, vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməməyimiz nəticəsində zərər çəkən isə oxucularımız, tədqiqatçılarımız, alimlərimiz, ziyalılarımız, gələcək nəsillər olduğunu söyləmişdir.
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Mill Məclisin üzvü Hikmət Babaoğlu, Azərbaycan Yazıçılar Birliyinin katibi, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid və b. çıxış edərək Azərbaycan mətbuatının və nəşr məhsullarının arxiv fondunun yaradılmasının və bu gün müzakirə olunan digər məsələlərin çox əhəmiyyətli, aktual və vacib olduğunu vurğulayaraq cənab Nazirin təkliflərini bəyəndiklərini söylədilər və bu işdə hamını əlbir olmağa çağırdılar. Bu gün bu məsələləri həll etməklə oxucular, alim və tədqiqatçılar, ən nəhayət gələcək nəsillərin qarşısında vəzifə borclarını yerinə yetirəcəklərini söyləyib, bütün nəşriyyat, poliqrafiya müəssisələri, qəzet və jurnal redaksiyalarını onların səsinə səs verməyə dəvət etdilər.