18-05-2024
Mayın 15-dən 18-dək Azərbaycan Milli Kitabxanasının Treninq Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Bakı şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemlərinin mütəxəssisləri üçün keçirilmiş KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi ilə əlaqədar növbəti treninqin müdavimlərinə sertifikatlar təqdim olunub.
4 günlük treninqdə Azərbaycan Respublikası Mədəniyət Nazirliyinin Bakı şəhər Mədəniyyət Baş İdarəsinin Binəqədi, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai, Xəzər, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemlərindən və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından ümumilikdə 16 nəfər mütəxəssis iştirak edib.
Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov iştirakçıları salamlayaraq KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin perspektivləri haqqında danışıb, treninqə qatılmış mütəxəssislərə işə başlamağı tövsiyə edib, onlara uğurlar arzulayıb.
Qeyd edək ki, treninq çərçivəsində müdavimlərə proqramın quruluşu, modulları, ayrı-ayrı bölmələri, ümumiyyətlə, bütün iş funksiyaları tədris olunub.
Sonda müdavimlərə sertifikatlar təqdim edilib.