close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub

30-11-2024

Azərbaycan uşaq ədəbiyyatının tanınmış nümayəndəsi şair - tərcüməçi İlyas Tapdıq 30 noyabr 1934-cü ildə Gədəbəy rayonunun Əli İsmayıllı kəndində dünyaya göz açıb. Uşaqlıq illəri qanlı-qadalı II Dünya müharibəsi illərinə təsadüf edib. İlyas Tapdıq rayonun Kiçik Qaramurad kənd məktəbini bitirdikdən sonra Azərbaycan Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsinə qəbul olunur.

İlyas Tapdıq erkən çağlardan poeziyaya maraq göstərib. Ədəbi yaradıcılığa 19 yaşında, tələbə ikən “Azərbaycan” jurnalında dərc olunan “Bakının gecəsi” şeirilə başlayıb.

Şairin yaradıcılığında Vətən mövzusu da mühüm yer tutur. Onun 20 Yanvar şəhidlərinə həsr olunmuş “Bir şəhiddir ürəyim” əsəri bu mənada diqqətəlayiq nümunələrdəndir.

50 ildən artıq yaradıcılıq yolu keçən şairin “Bakının gecəsi”, “Kəndimizin çobanı”, “Bulaq başında”, “Gözlər”, “Xumar”, “Arxalı dağlar”, “Bir eşqin şimşəyi”, “Çimnaz oynayır”, “Bir gülün qönçəsi”, “Qızlar... qağayılar”, “Qaçaq dovşan”, “Nağıllı ağaclar”, “Şıltaq günəş”, “Məhəbbət yolları”, “Şeir sevən balalar” və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

İlyas Tapdıq yaradıcı və bənzərsiz şairdir. Onun uşaq və böyüklər üçün 40-a yaxın kitabı çap olunub. Əsərləri bir çox mükafatlara layıq görülüb. Yaradıcılığı haqqında bir sıra görkəmli şair və yazıçılar, o cümlədən Süleyman Rəhimov, Osman Sarıvəlli, Mir Cəlal, Bəxtiyar Vahabzadə, Hüseyn Arif, Məmməd Araz qiymətli fikirlər söyləyiblər.

İlyas Tapdıq tərcümə sahəsində də qələmini sınayıb. Rus dilindən “İki xoruz” (Litva xalq şeiri), V.Suteyevin “Miyo eləyən kim idi?”, M.Zoşşenkonun “Kələkbazlar və ağıllılar”, E.Mejelaytsinin “Dovşan-oğlan”, V.Berestovun “Səhər laylası”, İ.Pivovarovanın “Axşam və səhər” və başqa əsərləri dilimizə tərcümə edib.

Şair uzun müddət “Gənclik” nəşriyyatında fəaliyyət göstərib. Gənc şairlərə qayğı ilə yanaşıb, onların kitablarının çapı üçün köməklik göstərib.

Şair - tərcüməçi İlyas Tapdığın anadan olmasının 90 illik yubileyi münasibətilə  Milli Kitabxanada “İlyas Tapdıq - 90” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə yazıçının böyük usatalıqla qələmə aldığı əsərləri, dünya ədəbiyyatından tərcümələri,  ön söz, tərtibçi, redaktə etdiyi,  həyatı və yaradıcılığı haqqında yazılmış Azərbaycan və rus dillərdə ədəbiyyatlar, sözlərinə bəstələnmiş musiqi notları nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

icon

Foto qalereya