close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Gürcüstan Yazıçılar Birliyinin sədri, “Sxivi-Şəfəq” jurnalının redaktoru, şair Bağater Arabulinin “Gündüz yuxuları” adlı kitabının təqdimat mərasimi keçirilmişdir

03-05-2019

May ayının 3-də Milli Kitabxanada Azərbaycan Tərcümə Mərkəzi və Azərbaycan Milli Kitabxanasının birgə təşkilatçılığı ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, “Sxivi-Şəfəq” jurnalının redaktoru, şair Bağater Arabulinin “Gündüz yuxuları” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə heyətinin sədri, yazıçı, dramaturq, Əməkdar incəsənət xadimi Afaq Məsud qonaqları, iştirakçıları salamlamış, Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin qədimliyindən danışmış, Tərcümə Mərkəzi tərəfindən ərsəyə gələn, istedadlı şair Allahverdi Təhləli tərəfindən dilimizə tərcümə edilən kitabın həmin əlaqələrin davamı olduğunu qeyd etmişdir. Natiq Azərbaycan–Gürcüstan ədəbi əlaqələri istiqamətində ərsəyə gətiril­miş nəşr layihələrindən – Mərkəz tərəfindən gürcü dilinə tərcümə edilərək, Tbilisidə nəşr olunmuş “Azərbaycan ədəbiyyatı antologiyası” və Azərbaycan dilinə tərcümə edilərək, Bakıda nəşr edilmiş “Gürcü hekayələri” kitabından söz açmışdır.

Millət vəkili, akademik Nizami Cəfərov gürcü poeziyası ilə Azərbaycan oxucusunu tanış edən kitabın dilimizi öz təfəkkür orijinallığı ilə, bəzi arxaizmləri Azərbaycan dilində canlandırmaqla zənginləşdirdiyini söyləmiş, Mərkəzə yaradıcılıq hadisəsi olan və eşq ilə görülən bu işə görə təşəkkürünü bildirmişdir.

Millət vəkili, yazıçı Aqil Abbas çıxışında şairin üslubunu, baxışını və tərcüməni çox bəyəndiyini, kitabı zövqlə oxuduğunu bildirmiş, yeni nəsil gürcü yazarların da gələcəkdə tanınması üçün yeni layihələrin olmasını arzulamışdır.

Gürcüstan Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze çıxışında bildirmişdir ki,tarix boyu dost və qardaş xalqlar kimi yanaşı yaşamış Gürcüstan və Azərbaycan mədəniyyət­ləri arasında mübadilələrin dərinləşdiril­məsi prioritet bir məsələ kimi ölkə başçılarımızın da nəzər-diqqətindədir. Cənab səfir qeyd etmişdir ki, ölkələr arasındakı dostluq münasibətləri ədəbi əlaqələri daha da dərinləşdirir və yaxın gələcəkdə qarşılıqlı mədəniyyət günlərinin təşkili nəzərdə tutulur. Əsas məqsədi Azərbaycan oxucusunu, gələcək nəsilləri gürcü ədəbiyyatı ilə tanış etmək olan bu cür kitabın ərsəyə gəlməsinə və təqdimatının təşkilinə görə Tərcümə Mərkəzinə təşəkkürünü bildirmişdir.

Avrasiya Yazarlar Birliyinin baş direktoru Yaqub Öməroğlu gürcü ədəbiyyatına məxsus digər yazarların əsərlərinin də gələcəkdə tərcümə olunmasını və bu cür tədbirlərin mütəmadi olaraq təşkilini arzulamışdır.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma müşaviri İrfan Çiftçi gürcü ədəbiyyatını çox sevdiyini, bu kitab ilə  gürcü ədəbiyyatının 300 milyonluq türk dünyasına təqdim edildiyini bildirmiş, çağdaş Azərbaycan mədəniyyət dünyasının formalaşmasında Tərcümə Mərkəzinin, “Xəzər” dərgisinin mühüm rolu olduğunu söyləmiş, Mərkəzə bu şərəfli fəaliyyətində uğurlar diləmişdir.

Kitabın ön sözünün müəllifi, prof. Rüstəm Kamal qədim gürcü xalqının möhtəşəm mədəniyyətə malik olduğunu, gürcü şairlərin daxilən azad, sərbəst olduqlarını, gürcü poeziyasının modern formaları dəyişməkdə daha çevik olduğunu qeyd etmiş, şairin timsalında gürcü poeziyasını çox sevdiyini bildirmişdir.

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, prof. Bədirxan Əhmədov ölkələr arasındakı  elmi və ədəbi əlaqələrdən danışmış, Bağater Arabulini Vaqif Səmədoğlu üslubuna uyğun gələn şair hesab etmiş, onu şeirlərində gürcü xalqının etnoqrafik mənzərəsini yaradan, metaforik ifadələrdən istifadə edən orijinal şair adlandırmış, kitabı azərbaycanlaşdıran tərcüməçiyə, ön sözün müəllifinə və Mərkəzə təşəkkürünü bildirmişdir.

Milli Kitabxananın direktoru prof. Kərim Tahirov son illər Tərcümə Mərkəzi tərəfindən çoxsaylı və gözəl layihələrin həyata keçirildiyini vurğulamış, bu tədbirlərin məhz elm məbədində təşkilini təqdirəlayiq hal hesab etmişdir. Professor həmçinin təqdimatı olan bu kitabın gürcü ədəbiyyatının ölkəmizdə təbliğində mühüm rol oynayacağını vurğulamışdır.

Kitabxananın direktoru Milli Kitabxanada gürcü ədəbiyyatı nümunələrindən təqdimatı olan bu kitabın ilk olmadığını, hələ 2017-ci ildə Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxanada  gənc gürcü şairi, Gürcüstan Milli Parlament Kitabxanasının direktoru Giorgi Kekelidzenin Azərbaycan dilinə tərcümə edilərək “Gürcü ədəbiyyatı silsiləsi” seriyasından nəşr olunmuş “Quriya gündəlikləri” kitabının təqdimat mərasimi və imza törəninin keçirildiyini söyləmişdir.

Şairlər Zakir Fəxri, Nigar Həsənzadə, yazıçı Etimad Başkeçid və digər çıxışçılar tərcümə işinin önəmindən danışmışlar.

Kitabın müəllifi şair Bağater Arabuli kitaba lirik etüd, fraq­mentlər, mәnzum hekayә və pritça üslubunda qələmə aldığı şeirlərinin daxil edildiyini, əsərlərinin Azərbaycanda ilk dəfə nəşr olunduğunu söyləmiş, dost və qardaş Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edərək Tərcümə Mərkəzinə bu cür gözəl kitabın ərsəyə gəlməsinə görə minnətdarlığını bildirmişdir.

Sonda Afaq Məsud gürcü poeziyasının parlaq nümunələrini əks etdirən bu nəfis tərtibatlı kitabı hər iki ölkə üçün uğur hesab etdiyini qeyd edərək, belə layihələrin çox və davamlı olmasını arzulamış, iştirak edən hər kəsə və tədbirin təşkilinə görə Milli Kitabxanaya təşəkkür etmişdir.