close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada görkəmli ədəbiyyatşünas-alim, yazıçı, professor Qəzənfər Paşayevin “Ədəbi məktublar” və “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” kitablarının təqdimat mərasimi keçirilmişdir

16-03-2016

Mart ayının 18-də Milli Kitabxanada görkəmli ədəbiyyatşünas-alim, yazıçı, professor Qəzənfər Paşayevin “Ədəbi məktublar” və “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti” kitablarının təqdimat mərasimi keçirilmişdir.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq tədbir iştirakçılarını salamlamışdır. O, ədəbiyyatşünas-alimin yaradıcılığından söz açmış, professorun kitablarının təqdimat mərasimlərinin milli kitabxanada keçirilməsini onun kitabxananın yaxın dostu olması ilə əlaqələndirmişdir.

Akademik Teymur Bünyadov, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı,  millət vəkili Qənirə Paşayeva, Türkməneli Mədəniyyət Mərkəzinin sədri Mustafa Ziya, Kərkük Mədəniyyət Dərnəyinin rəhbəri Şəmsəddin Kuzəçi və b. çıxış edərək alimin yaradıcılığının geniş oxucu marağına səbəb olduğunu qeyd etmişlər. “Ədəbi məktublar”dan danışan çıxışçılar burada müəllifin son 35 il ərzində öz müasirlərinə ünvaladığı 46 məktub toplandığını bildirmişlər. Məktublar akademiklər Bəkir Nəbiyev, İsa Həbibbəyli, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvi Nizami Cəfərov, Xalq Yazıçısı Elçin, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı və digər alim və ədiblərə ünvanlanıb. Digər kitab “Əta Tərzibaşının folklorşünaslıq fəaliyyəti”nin isə  Tərzibaşının həyatı və folklorşünaslıq fəaliyyətinə həsr olunub.

Sonda müəllif tədbir iştirakçılarına və çıxış edənlərə öz minnətdarlığını bildirmiş, hamını qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik etmişdir.

Tədbir iştirakçıları müəllifin əsərlərindən ibarət “Qəzənfər Paşayev qələminin işığında” adlı kitab sərgisi ilə tanış olmuşlar.