close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” kitabının təqdimat mərasimi keçirilib

14-10-2019

Oktyabrın 14-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Milli Kitabxananın birgə təşkilatçılığı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Bakı Zirvə Görüşü münasibətilə təşkil edilən “Türk dünyası həftəsi” çərçivəsində filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin “Nizaminin türklüyü və türklüyə münasibəti Azərbaycan nizamişünaslığında” adlı kitabının təqdimat mərasimi keçirilib.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov çıxış edərək Azərbaycanda böyük miqyasdaTürkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Bakı Zirvə Görüşünün keçirildiyini bildirib. Tədbirin əhəmiyyətindən danışan prof. Kərim Tahirov qeyd edib ki, türk mədəniyyətinin təbliğinə, tədqiqinə böyük önəm verilir,  belə tədbirlər türkoloq alimlərin yetişməsinə zəmin yaradır. Professor eyni zamanda türk xalqlarının bir-birinə yaxınlaşmasında, türk mədəniyyətinin, türk ədəbiyyatının təbliğində Azərbaycan alimlərinin, ziyalılarının çox böyük rolu olduğunu vurğulayıb. Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının 10-cu ildönümü çərçivəsində keçirilən tədbir türk dünyasının böyük dühası Nizami Gəncəviyə həsr olunduğunu xüsusi qeyd edib. Nizaminin türklüyü, türkçülüyə münasibəti haqqında danışan natiq Ulu Öndər Heydər Əliyev tərəfindən dahi Nizami Gəncəviyə layiqli qiymətin verildiyini söyləyib. Bildirib ki, Nizami Gəncəvi Azərbaycanın bəşər tarixinə bəxş etdiyi böyük dühadır. Professor qeyd edib ki, bu monoqrafiya  Azərbaycan nizamişünasları tərəfindən maraqla qarşılanacaq və  gənc  tədqiqatçılar üçün dəyərli mənbə olacaqdır.

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini prof. Paşa Kərimov çıxış edərək görkəmli Azərbaycan alimlərinin Nizami Gəncəvi haqqındakı araşdırmalarından geniş söhbət açıb, şairin türk xalqına mənsubluğunun elmi əsaslarla tədqiq edildiyini bildirib.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinin müdiri, kitabın baş elmi məsləhətçisi,  AMEA müxbir üzvü Nüşabə Araslı çıxışında Nizami irsinin Azərbaycan ədəbiyyatşünaslığının diqqət mərkəzində olduğunu qeyd edərək, şairin irsinin hələ Sovet illərində geniş tədqiq olunduğunu, əsərlərinin Azərbaycan və rus dillərinə tərcümə edilərək geniş ictimaiyyətə çatdırılmısında görkəmli alimlərimizin xidmətlərindən geniş söhbət açıb. Bildirib ki, müəllifin bu araşdırmasında Azərbaycan nizamişünaslığının bütün mərhələlərində ciddi məşğul edən və aktuallığını itirməyən problemlər əhatə olunub və monoqrafiya nizamisevər oxucular tərəfindən maraqla qarşılanacaq, farsdilli Azərbaycan poeziyasını doğru qiymətləndirməyən, Nizaminin soy kökünün azərbaycanlı olduğunu danan qərəzli mülahizələrin təkzib olunmasında əhəmiyyətli rol oynayacaqdır.  

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-dramaturq İlqar Fəhmi, AMEA-nın Gəncə Regional Bölməsi nəzdində Nizamişünaslıq mərkəzinin rəhbəri, Gəncə Dövlət Universitetinin professoru, kitabın rəyçisi  fil.ü.e.d. Xəlil Yusifli, Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Ramiz Əsgər, AMEA-nın Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, nizamişünas alim prof. Seyfəddin Rzasoy, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Azərbaycan dilinin tədrisi kafedrasının professoru  fil.ü.e.d. Lalə Əlizadə, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, kitabın elmi redaktoru dosent Əkrəm Bağırov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi, kitabın mətn redaktoru dosent Tünzalə Seyfullayeva çıxış edərək Azərbaycan nizamişünaslarının daim geniş tədqiqat apardığını, Nizaminin Azərbaycan şairi olduğu, əsərlərindəki türk ruhu, türklüyə xüsusi rəğbəti haqqında geniş söhbət açıblar.

Sonda monoqrafiyanın müəllifi dosent Əzizağa Nəcəfzadə çıxış edərək tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Kitabda XIX əsr Azərbaycan elminin və ədəbiyyatının parlaq siması Abbasqulu ağa Bakıxanov, XX əsrin əvvəllərində yaşamış Azərbaycan ədəbiyyatının görkəmli tədqiqatçısı Firidun bəy Köçərlinin Nizaminin milli kimliyi haqqında qeydlərindən tutmuş son dövrədək nizamişünasların 30-a yaxın tədqiqatların əks olunduğunu qeyd edib.