close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada ədəbi ictimaiyyətin İraq Türkmanlarının şair və alimləri ilə görüşü

27-11-2018

Noyabrın 27-də Milli Kitabxanada ədəbi ictimaiyyətin İraq Türkmanlarının şair və alimləri ilə görüşü keçirilmişdir.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq qonaqları salamlamış və Azərbaycan Türkman xalqının eyni tarixi köklərə bağlılığından, ədəbi-bədii əlaqələrindən, dilinin, ədəbiyyatının zənginliyindən və oxşar cəhətlərindən danışmışdır. Prof. Kərim Tahirov çıxışında Azərbaycan xalqının dilinə doğma və yaxın şirin bayatıları olan İraq Kərküklərindən, həmin bayatıları dilimizin əzbərinə çevirən, kərkük folklor yaradıcılığının tədqiqində, ədəbiyyatının təbliğində böyük xidmətləri olan prof. Qəzənfər Paşayevin yaradıcılığından, İraq türkman folkloru haqqında yazdığı çoxcildli kitablar haqqında geniş söhbət açmışdır. Prof. Kərim Tahirov eyni zamanda çoxsaylı xidmətlərinə görə Qəzənfər Paşayevi "Əməkdar elm xadimi" adını alması münasibətilə təbrik etmişdir.
Daha sonra Əməkdar elm xadimi, prof. Qəzənfər Paşayev çıxış edərək İraq türkmanlarını soydaşlarımız, qanqardaşlarımız, canqardaşlarımız adlandırmış və tarixən Qaraqoyunlu, Ağqoyunlu dövründə bir bayraq altında yaşadığımızı söyləmişdir. Professor çıxışında dahi şairlərimiz Füzulinin, Nəsiminin İraqda doğulub, yazıb yaratdığını, əlaqələrimiz genişləndikdən sonra Azərbaycanla İraq Türkmanlarının arasında yaxın bağlarımızın olduğunu, ədəbiyyatımızın, dilimizin, məişətimizin, adət-ənənələrimizin eynilik təşkil etdiyini söyləmişdir .
Türkmaneli Mədəniyyət Mərkəzinin direktoru Dr. Mustafa Ziya çıxış edərək uzun illər Azərbaycanla Türkman xalqlarının bir-birindən uzaq qaldığını söyləmiş və tədqiqatlarında Azərbaycan bayatıları və türkman hoyratlarının morfoloji qarşılaşdırmasını etdiyini bildirmişdir. Mustafa Ziya çıxışında 1600 il əvvəl türkman adının geniş bir ərazidə yayıldığını qeyd etmiş və türkman xalqlarının tanıdılmasında Rəsul Rza, Qəzənfər Paşayev və digər Azərbaycan ziyalılarının xüsusi rolu olduğunu vurğulaşmışdır.
"Türkman eli" qəzetinin redaktoru Nicat Kövsəroğlu çıxışında türkmanların oğuz türklərinin bir parçası olduğunu söyləmiş, tarix boyunca bütövlüyümüzü qorumaq üçün prof. Qəzənfər Paşayevin aramızda körpü yaratdığını və bu körpünü qırılmaz etmək üçün mütəmadi olaraq Azərbaycan yazıçı və ziyalılarının məqalələrinin "Türkman eli" qəzetində dərc olunduğunu bildirmişdir. Nicat Kövsəroğlu kərkük dilində ərəb əlifbasında yazıb yaratdıqlarını, yer adlarının təhrif olunaraq yaddaşlardan silindiyini söyləmiş və bu mövzuda yazdığı “Kərkükdən yarpaqlar” adlı kitabını ictimaiyyətə təqdim etmişdi.
Doktor, "Türkman eli" qəzetinin xarici əlaqələr şöbəsinin müdiri Gürşad Çavuşoğlu çıxışında İraq türkünün qəlbində Azərbaycan sevgisinin olduğunu, qardaşlarımızla birlikdə olmaqdan qürur duyduğunu söyləmişdir. O, Azərbaycan xalqının başına gətirilmiş müsibətlərinin, Xocalı faciəsinin, Qarabağ müharibəsinin şahidi olduğunu bildirmiş və torpaqlarımızın geri qaytarılmasında İraq türkmanı olaraq hər zaman Azərbaycan xalqının yanında olduğunu xüsusi qeyd etmişdir.
Daha sonra Azər Həsrət və digər tədbir iştirakçıları Azərbaycan-Türkman dostluğundan, mədəni əlaqələrindən danışmış və Ata Terzibaşı və digər türkman ziyalıları haqqında yazılmış kitablar geniş ictimaiyyətə təqdim olunmuşdur.
Tədbirin sonunda Prof. Qəzənfər Paşayevə və Kərim Tahirova İraq Türkman eli və Dayanışma Derneyi adından mükafatlar təqdim edilmiş və xatirə şəkli çəkilmişdir.