close
icon E-kataloq və kitabxana

Milli Kitabxanada Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və prof. Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimat mərasimi keçirildi.

04-04-2019


Aprel ayının 4-də Milli Kitabxanada Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu və Azərbaycan Milli Kitabxanası ilə birgə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfrans və prof. Asif Rüstəmlinin“Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabının təqdimat mərasimi keçirildi.
İlk öncə qonaqlar Milli Kitabxananın fondunda mühafizə olunan böyük dramaturqun əsərləri, tərcümələri, haqqında yazılmış 300-ə yaxın kitab və dövri mətbuat materiallarından ibarət “Cəfər Cabbarlı – 120” adlı geniş kitab sərgisi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi tərəfindən təşkil olunmuş Cəfər Cabbarlının həyat və yaradıcığını əks etdirən 30-a yaxın foto-sərgi və Cəfər Cabbarlının ev-muzeyinin təşkil etdiyi ekspozisiya ilə tanış oldular.
Tədbiri Milli Kitabxananın direktoru prof. Kərim Tahirov açaraq çıxışında Azərbaycan ədəbiyyatı tarixində öz dəsti xətti olan görkəmli ədib, istiqlal mücahidi Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş elmi konfransın xüsusi əhəmiyyətindən danışdı. Professor çıxışında Cəfər Cabbarlı yaradıcılığının uzun illər real faktlarla işıqlandırılmadığını, lakin müstəqillik qazandıqdan sonra digər Azərbaycan klassikləri kimi dramaturqun irsi yenidən tədqiq edilməyə başlandığını söylədi. Prof. Kərim Tahirov Azərbaycan Respublikası Prezidentinin ədəbiyyat, mədəniyyət sahəsindəki imzaladığı sərəncamlarına əsasən bu gün Azərbaycan klassiklərinin əsərləri yenidən tədqiq olunaraq gələcək nəsillərə çatdırıldığını söylədi.
Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Görkəmli dramaturq Cəfər Cabbarlının anadan olmasının 120 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 dekabr tarixli Sərəncamına əsasən bir sıra tədbirlərin həyata keçirildiyini bildirdi. Akademik çıxışında C.Cabbarlının milli ədəbiyyatın, dramaturgiyanın, teatr və kino sənətinin inkişafındakı misilsiz xidmətləri olduğunu və əsərlərinin milli teatrda mühüm hadisə kimi qiymətləndirildiyini, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoyduğunu söylədi. Akademik İsa Həbibbəyli Cəfər Cabbarlının Sovet rejiminin sərt illərində yaşayıb-yaratmasına baxmayaraq əsərlərində Azərbaycançılıq ideyalarının qoruyub saxladığını bildirdi. Akademik C.Cabbarlının həyatının və bədii fəaliyyətinin hələ də bilinməyən tərəflərinin olduğunu, prof. Asif Rüstəmli tərəfindən yazıçının “Kazım bəy” əsərinin tapıldığını və Nizami adına Ədəbiyyat İnstitutu tərəfindən çapa hazırlandığını bildirdi.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək XX əsr Azərbaycan ədəbiyyatının parlaq simalarından biri, böyük dramaturq Cəfər Cabbarlının Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin formalaşmasında, təşəkkül tapmasında əvəzsiz xidmətlər göstərdiyini, Azərbaycan teatr tarixinə böyük töhfələr verdiyini söylədi. Cənab Vaqif Əliyev çıxışında Cəfər Cabbarlının yaradıcılığına ümummilli lider Heydər Əliyev tərəfindən layiqli qiymətin verildiyini, böyük sənətkarın adının əbədiləşdirilməsi, əsərlərinin nəşri, tədqiqi və təbliği istiqamətində böyük işlər görüldüyünü, abidəsinin ucaldıldığını, ev muzeyinin açıldığını, yubiley tədbirlərinin təşkil edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırdı. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən Mədəniyyət Nazirliyi tərəfindən Cəfər Cabbarlının anadan olmasının 120 illiyinə həsr olunmuş bir sıra tədbirlər həyata keçirildiyini söyləyən nazir müavini çoxcəhətli ədəbi və ictimai fəaliyyəti boyunca daim xalqımızın dünya mədəniyyəti səhnəsində layiqli mövqe qazanmasına xidmət etmiş dramaturqun adının Azərbaycan ədəbiyyatı, mədəniyyəti tarixində əbədi yaşayacağını söylədi.
Daha sonra Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid çıxışında belə tədbirlərin keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı və Azərbaycan klassiklərinə, Cəfər Cabbarlı yardıcılığına, onun irsinə verilən dəyərli töhfə olduğunu bildirdi. Rəşad Məcid çıxışında prof. Asif Rüstəmlinin geniş ictimaiyyətə təqdim etdiyi “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” adlı kitabında Cabbarlı irsinə fərqli yanaşma, onun hələ tədqiq edilməmiş istiqlal mübarizəsini əks etdirən tərəflərin üzə çıxardığını söylədi.
Cəfər Cabbarlıya layiq olduğu qiyməti verərək Azərbaycan ədəbiyyatını yüksəklərə qaldırdığımızı söyləyən Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, akademik Nizami Cəfərov böyük yazıçının Azərbaycan ədəbi dilimizin formalaşmasında, əsərlərinin kütləvi savadlanma olmadığı dövrdən səhnədən xalqımıza maarifçilik ideyalarının aşıladığını bildirdi.
Daha sonra Yunus Əmrə İnstitutunun Bakı Mədəniyyət Mərkəzinin direktoru Cihan Özdemir çıxış edərək böyük dramaturq haqqında dəyərli fikirlərini və Cəfər Cabbarlı kimi sərt sovet rejimində yaşayıb-yaradan və öz sözlərini rahatlıqla deməyi bacaran şəxsiyyətləri alqışladığını söylədi.
Tədbirdə daha sonra Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanmış “Cəfər Cabbarlı 120” adlı elektron məlumat bazası konfrans iştirakçılarına təqdim edildi və görkəmli ədibin “Ana” şeirinə yazılmış musiqi səsləndi.
Konfrasda XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, prof. Şirindil Alışanlı “Cəfər Cabbarlı irsi zamanın və sənətin işığında”, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya elmləri doktoru, dosent Əlizadə Əsgərli “Cəfər Cabbarlı irsinə Heydər Əliyev qiyməti”,filologiya üzrə fəlsəfə doktoru, dosent Safura Quliyeva “Cəfər Cabbarlının poeziyası”, filologiya üzrə fəlsəfə doktoru Tahir Məsimov “Xarakterlər dramaturgiyası” mövzusunda məruzələrlə çıxış etdilər.
Məruzələrdən sonra prof. Asif Rüstəmlinin “Cəfər Cabbarlı və Milli istiqlal hərəkatı” kitabının təqdimatı keçirildi.
Milli Kitabxananın direktoru prof. Kərim Tahirov çıxış edərək geniş oxucu kütləsinə təqdim olunan “Cəfər Cabbarlı və Milli istiqlal hərəkatı” kitabında görkəmli dramaturq Cəfər Cabbarlının Azərbaycan Xalq Cümhuriyyəti dövrü, ondan əvvəlki və ondan sonrakı fəaliyyət sferası, 1920-1923-cü illərdə sovet rejiminə qarşı qeyri-leqal mübarizədə Milli İstiqlal Hərəkatına qoşulması, 1922-1923-cü illərdə gizli “İstiqlal” qəzetinin nəşri prosesində fəal iştirakı barədə tarixi faktlara əsaslanaraq tam dolğun məlumatların qeyd olunduğunu söylədi. Professor çıxışında müəllifin Cəfər Cabbarlı irsinin hələ tədqiq olunmamış tərəflərin üzə çıxardığını və geniş ictimaiyyətə çatdırdığını söylədi.
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Gülnar Səma Asif Rüstəmlinin “Cəfər Cabbarlı və milli istiqlal hərəkatı” kitabı barədə ətraflı çıxış edərək kitabın faktlara və arxiv materiallarına istinad olunaraq yazıldığını, doqquz bölmədən ibarət kitabda Cəfər Cabbarlının uşaqlığından ölümünə qədər həyat və fəaliyyətinin əks olunduğunu bildirdi. Gülnar Səma kitabın Cəfər Cabbarlı irsi haqqında yazılmış dəyərli tədqiqat əsəri olduğunu söylədi.
Daha sonra kitabın müəllifi filologiya elmləri doktoru prof. Asif Rüstəmli çıxış edərək apardığı uzunmüddətli araşdırmaların və gərgin əməyinin nəticələrinə verilən qiymətə görə, eləcə də kitabın ərsəyə gəlməsində iştirak edən hər kəsə dərin minnətdarlığını bildirdi.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova, Cəfər Cabbarlının ev muzeyinin direktoru Qəmər Bağırova Cəfər Cabbarlının həyat və yaradıcılığı haqqında çıxış etdilər və kitabın geniş ictimaiyyət üçün dəyərli mənbə olacağını söylədilər.