18-04-2019
Aprelin 18-də Milli Kitabxanada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Xatirə Kitabı redaksiyasının və “Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında çap olunmuş “Bir xatirə dəftərinə bənzəyir ömrüm” adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
Tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, prof. Kərim Tahirov açaraq qonaqları salamlamış, Naxçıvan MR Sədərək rayonunun ilk şəhidi, xüsusi təyinatlı polis əməkdaşı İlkin Seyidovun həyat və döyüş yoluna işıq tutan bu kitabın ölkəmizdə, xüsusilə müharibə getdiyi, torpaqlarımızın işğal altında olduğu bir zamanda vətənpərvərlik tərbiyəsinin təbliğində çox böyük əhəmiyyət daşıyan əyani vəsait olduğunu bildirmiş, şəhidlərimizin əbədiyyətə qovuşması, adlarının tarixdə qalması üçün bu cür kitabların nəşrinin təqdirə layiq olduğunu söyləmişdir.
Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Vaqif Əliyev çıxışında şəhidlərin canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazdıqlarını söyləmiş, xalqına, vətəninə, yurduna bağlılıq prizmasından kıtabın qəhrəmanı, şəhid polis əməkdaşı İlkin Seyidovun həyat yolunun mübaliğəsiz bir örnək olduğunu bildirmiş, kitabın müəllifinə, redaksiyaya, onun ərsəyə gəlməsində rolu olan hər kəsə təşəkkür etmişdir.
Əməkdar elm xadimi, prof. Solmaz Rüstəmova-Tohidi, millət vəkili Aydın Mirzəzadə, DİN-nin polkovniki Əflatun Həsənov, Müdafiə Nazirliyinin polkovniki, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, “Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, filologiya elmləri doktoru, prof. Maarifə Hacıyeva, Əməkdar jurnalist Azər Həsrət, DTX-nin əməkdaşı, yazıçı-publisist Azər Səlimov, şair Kəmaləddin Qədim, fəlsəfə doktoru, jurnalist, publisist Zemfira Məhərrəmova, polkovnik-leytenant, tədqiqatçı Şəmistan Nəzirli və digərləri adını vətənpərvərlik tariximizə yazdırmış, şəhidlik zirvəsinə yüksəlmiş İlkin Seyidovun şücaətindən danışmış, kitabın ərsəyə gəlməsində xidməti olan hər bir insana təşəkkür etmiş, qəhrəmanlarımız haqqında bu cür çoxsaylı kitabların yazılmasını yüksək qiymətləndirmiş, torpaqlarımızın bütövlüyü, düşmən tapdağından azad olunması uğrunda cismani həyatını itirmiş igid oğul və qızlarımız haqqında qələmə alınaraq nəşr olunmuş bu cür kitabların hər bir məktəblinin stolüstü kitabına çevrilməli olduğunu, şagird və gənclərimizin vətənpərvərlik ruhunda böyüməsində müstəsna rolu olduğunu, çağdaş dövrümüzün müharibə salnaməsini özündə əks etdirməklə yanaşı, ölkəmizin gələcək həyatında, dövlətçilik məhfumunun şüurlarda inikasında müstəsna xidmətləri olduğunu qeyd etmiş, həmin kitabların müxtəlif dillərə tərcüməsini də məqsədəuyğun hesab etmişlər.
Şəhidin ailə üzvləri həm müəllifə, həm də redaksiyaya çəkilmiş zəhmətə və diqqətə görə təşəkkürlərini bildirmişlər.
Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək kitabın müəllifi Fəridə Rəhimlinin Azərbaycana minlərlə igidlər, vətənpərvərlər və əvəzsiz şəxsiyyətlər bəxş etmiş Naxçıvanın tarixinə nəzər salmaqla yanaşı, şəhid xüsusi təyinatlı İlkin Seyidovun həyat dastanı haqqında bütün məlumatları toplayaraq yazıya çevirdiyini, kitabın “Şəhidlər ölməz, Vətən bölünməz” nidalı kitablar seriyasından II nəşri olduğunu söyləmiş, tədbirdə iştirak və çıxış edən hər kəsə minnətdarlığını bildirmişdir.