31-08-2024
Sentyabr ayının 1-də Azərbaycanın nüfuzlu elm və təhsil ocağı Bakı Dövlət Universitetinin təsis edilməsinin 105 illiyi tamam olur.
1919-cu il sentyabrın 1-də gərgin müzakirələrdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ictimai fikir tariximizdə, elmin və təhsilin inkişafında əvəzedilməz xidmətlər göstərəcək ilk universitetin açılması haqqında qanun qəbul edib. Bakı Dövlət Universitetinin idarə olunması və onun tədris-elmi fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən edən nizamnamə 1919-cu il sentyabrın 29-da parlamentin 79-cu iclasında qəbul olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı Bakı Dövlət Universiteti müsəlman Şərqində yeni tipli ilk ali məktəb kimi yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin şərəfli bir yol keçib. 104 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan universitet hazırda 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 1 filial, 1 kollec və 1 liseylə fəaliyyətini davam etdirir.
Bakı Dövlət Universiteti tarixən vətənpərvər ziyalıların fədakar əməyi sayəsində yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr vermişdir. Respublikada yaradıcı elmi təfəkkürün innovativ ideyalar əsasında formalaşdırılması, hazırlıqlı kadr potensialının davamlı təkmilləşdirilməsi və elmi-intellektual mühitin inkişaf səviyyəsinin daha da yüksəldilməsi, o cümlədən Azərbaycan xalqının tarixi-mədəni dəyərlərinin və mənəvi-əxlaqi sərvətlərinin qorunub yaşadılması Universitetin dünya təhsil məkanına inteqrasiya yolu seçməklə göstərdiyi bugünkü çoxşaxəli, geniş fəaliyyətin başlıca istiqamətlərini təşkil edir.
Milli Kitabxanada Bakı Dövlət Universitetinin təsis edilməsinin ildönümü ilə əlaqədar “Bakı Dövlət Universiteti -105” adlı ənənəvi geniş kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə müsəlman Şərqində ilk Avropa tipli ali təhsil ocağının - Azərbaycanın nüfuzlu elm və təhsil mərkəzi olan Bakı Dövlət Universitetinin keçdiyi tarixi və şərəfli inkişaf yolundan, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin universitetə xüsusi qayğısından, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət strategiyası əsasında təhsil sahəsində aparılan islahatlardan, yüksək ixtisaslı kadr potensialının davamlı olaraq artırılması istiqamətində görülən işlərdən, müasir Azərbaycanın ali təhsil sisteminin təkmilləşdirilməsində və elmin inkişafında universitetin rolundan, yeni əsrdə qarşıda duran hədəflərdən bəhs edən monoqrafiyalar, dərsliklər və s. Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.
Sərgi bir həftə davam edəcək.